RU

Netanyahudan İran üçün ölümcül PLAN: “Ya indi, ya heç vaxt!”

İsrail səkkiz ay müddətində İrana qarşı hərbi əməliyyata hazırlaşıb.

Musavat.com xəbər verir ki, bu barədə “Axios” portalı yazıb.

İsrail baş naziri Benyamin Netanyahu tərəfindən “ölkə üçün varlıq təhdidi” olaraq qiymətləndirilən İranın nüvə və raket proqramlarına qarşı eyni vaxtda zərbə endirilməsi ideyası 2023-cü ilin oktyabrında baş verən hadisələrdən sonra formalaşıb. Həmin vaxt İranın İsrailə qarşı endirdiyi zərbə iki ölkə arasında qarşılıqlı eskalasiyanın növbəti mərhələsi hesab olunurdu.

Netanyahu bundan sonra orduya və xüsusi xidmət orqanlarına dərhal hazırlıqlara başlamağı əmr edib. Bu göstəriş həm İranın getdikcə genişlənən raket arsenalı, həm də İsrailin cavab zərbələrindən sonra İranın hava hücumundan müdafiə sistemlərinin zəifləməsi ilə əsaslandırılıb.

Əməliyyat planlarının sürətləndirilməsinə səbəb olan əsas amillərdən biri də kəşfiyyat məlumatları olub. Həmin məlumatlara əsasən, əgər Tehran müvafiq qərar qəbul edərsə, əvvəlki proqnozlardan daha qısa müddətdə nüvə bombası hazırlaya bilər.

Eyni zamanda, Tehranın yaxın həftələrdə yeraltı uran zənginləşdirmə mərkəzini istifadəyə verməyi planlaşdırması da təcili tədbirləri qaçılmaz edib. Bildirilir ki, yeni obyekt ABŞ-ın “bunker əleyhinə” bombalarına qarşı davamlı olacaq.

“Axios” qeyd edir ki, ABŞ prezidenti Donald Tramp İranla nüvə sazişinə dair danışıqları bərpa etsə də, İsrail hərbi əməliyyata hazırlığı dayandırmayıb. İsrail tərəfi kəşfiyyat məlumatları toplayıb, hərbi qüvvələri yerləşdirib və mütəmadi təlimlər keçirib.

Portalın məlumatına görə, ABŞ rəsmilərinin ictimaiyyətə açıqladığı əməliyyatda iştirak etmədikləri və prosesin razılaşdırılmadığı barədə bəyanatlara baxmayaraq, İsrail hökumətindəki iki mənbə bunun əksini iddia edir. Onların sözlərinə görə, Vaşinqtonun narazılığı formal xarakter daşıyıb. Mənbələrdən biri deyib: “Biz ABŞ-dan aydın şəkildə yaşıl işıq aldıq”.

Həmin mənbələrin bildirdiyinə görə, əsas məqsəd İranı aldatmaq, hücumun planlaşdırılmadığı təəssüratını yaratmaq və mümkün hədəflərin yerinin dəyişdirilməsinin qarşısını almaq olub.

Musavat.com

Избранный
4
musavat.com

1Источники