RU

400 bal toplayan abituriyent: “Son iki ildə telefondan, əyləncələrdən uzaq durmuşam” REPORTAJ

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Qax, 13 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Şəhid Namiq Allahverdiyev adına Qax şəhər 2 nömrəli məktəb-liseyin şagirdi Hümmətli Çiçək Hümmət qızı bu il ali məktəblərə qəbul imtahanında III ixtisas qrupu üzrə yüksək nəticə göstərərək 400 bal toplayan iki abituriyentdən biridir. Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martda keçirilən buraxılış imtahanında da yüksək bilik nümayiş etdirən Çiçək iki mərhələdə, ümumilikdə, 697,5 bal toplamağa müvəffəq olub.

AZƏRTAC-ın bölgə müxbiri Çiçəyin ailəsində qonaq olub, həmçinin təhsil aldığı məktəb-liseydə müəllim və şagirdlərlə görüşüb.

Qəbul imtahanında maksimum nəticəyə nail olan Çiçək sevinc hissini bölüşərək deyib: “Buraxılış və qəbul imtahanlarında yüksək nəticə əldə etdiyimə görə çox xoşbəxtəm. Bu nəticəni əldə etmək üçün son iki ildə gecə-gündüz çalışmışam, telefondan, əyləncələrdən uzaq durmuşam. Telefondan yalnız dərslərimlə bağlı məsələləri öyrənmək, biliklərimi zənginləşdirmək üçün istifadə etmişəm. Uşaqlıqdan ən böyük arzum hüquqşünaslıq ixtisasına yiyələnmək olub. Bu, həm də atamın arzusudur. Atam həmişə deyir ki, səni prokuror, hakim görmək istəyirəm. Sevinirəm ki, həm özümün, həm də valideynlərimin arzusu həyata keçəcək. Bu yolda mənə dəstək olan valideynlərimə, məktəb kollektivinə, doğma müəllimlərimə, xüsusilə Aysel və Xaqani müəllimə dərin minnətdarlığımı bildirirəm”.

Çiçək dərsləri ilə yanaşı, müxtəlif sahələrə də maraq göstərib, fənn olimpiadaları və müsabiqələrdə iştirak edib, uğur qazanıb. O, ötən il “Zəfər” elm müsabiqəsində Azərbaycan dili və ədəbiyyat fənni üzrə ikinci yerə layiq görülüb. Bu il keçirilən respublika fənn olimpiadasında yenə də Azərbaycan dili və ədəbiyyat fənni üzrə üçüncü yeri tutub. Ulu Öndərin 102-ci ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsində region üzrə birinci yerə çıxıb. Beş yaşından şahmatla məşğul olan Çiçək hazırda ikinci dərəcəli şahmatçıdır. Dəfələrlə region və respublika səviyyəli yarışlarda iştirak edib, 5 dəfə qızıl, 1 dəfə bürünc medal qazanıb, 23 dəfə diplomla mükafatlandırılıb.

Xarici dilləri öyrənməyə xüsusi maraq göstərən Çiçək ingilis dilində sərbəst danışır, həmçinin rus dilini də öyrənir. Gələcəkdə alman və fransız dillərini də öyrənməyi qarşısına məqsəd qoyub.

Şagirdlərə, həmyaşıdlarına uğur qazanmağın sirlərini açıqlayan Çiçək Hümmətli deyib: “Şagirdlərə tövsiyəm odur ki, ilk növbədə, qarşılarına məqsəd qoysunlar. Yəni, məqsədi olmayan çox az insan nəyə isə nail ola bilər. Məqsədə çatmaq üçün isə səylə çalışmaq lazımdır. Çalışan zaman da insan öz rahatlığına, ilk növbədə, yuxu rejiminə diqqət yetirməlidir. Düzgün qidalanmalı, eyni zamanda, idmanla da məşğul olmalıdır ki, beyni yorulmasın, yaxşı işləsin”.

Sevincini bizimlə bölüşən Çiçəyin babası Həmid Hümmətov da qürurverici hisslər yaşayır. “Bu gün mənim həm də 65 yaşım tamam olur. Nəvəm Çiçək yubileyimə çox qiymətli hədiyyə etdi. Bəlkə də Azərbaycanda yeganə babayam ki, nəvəsi ad gününə belə bir qiymətli hədiyyə edir. Çiçək yalnız bizim ailəmizin, nəslimizin qüruru deyil. O, həm də təhsil aldığı məktəbin, rayonumuzun şərəfini, adını ucaldıb. Ona birinci sinifdən başlayaraq yazıb oxumağı, bilikləri öyrədən bütün müəllimlərə təşəkkürümü bildirirəm. Mən əminəm ki, Çiçək təhsil alacağı universiteti də yüksək nailiyyətlərlə başa vuracaq, tanınmış hüquqşünas olacaq”, - deyə o bildirib.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Çiçəyin anası Aygün Hümmətova isə qızının bu uğuruna görə, özünü ən xoşbəxt ana adlandırır: “Mən bu gün ən xoşbəxt anayam. Qızım yüksək nəticə göstərdiyi üçün çox sevinirəm və onunla fəxr edirəm. Qızıma hər zaman yüksəklərdə olmağı arzulayıram”.

Ailənin sevincini bölüşdükdən sonra Çiçək Hümmətlinin təhsil aldığı şəhid Namiq Allahverdiyevin adını daşıyan Qax şəhər 2 nömrəli məktəb-liseyə yollanırıq. Bu mətkbə öz təhsil ənənələri ilə seçilir. İki dəfə “Ən yaxşı ümumtəhsil məktəbi” respublika müsabiqəsinin qalibi olan məktəb-lisey nəinki Qax rayonunun, eləcə də respublikanın ən qabaqcıl təhsil müəssisələrindən biridir. Dövlət İmtahan Mərkəzinin elmi-statistik təhlilinə əsasən, qəbul imtahanlarının nəticələrinə görə bu məktəb-liseyin adı hər il bir qayda olaraq, ən yaxşı məktəblər siyahısına düşür. Doqquz yüzdən çox şagirdin təhsil aldığı məktəb-liseydə tədris 3 dildə - Azərbaycan, rus və gürcü dillərində aparılır.

Məktəb-liseyin direktoru Aybəniz Məmmədova ilə söhbət zamanı məlum oldu ki, hər il bu təhsil müəssisəsini bitirən məzunların 70-80 faizi ali məktəblərə qəbul olunur. Ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərdiklərinə görə, son illər məktəb-liseyin məzunlarından 7 nəfəri Prezident təqaüdünə layiq görülüb. Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ilkin nəticələri onu deməyə əsas verir ki, məzunlar bu il də məktəb-liseyin təhsil ənənələrini layiqincə davam etdirirlər. Belə ki, II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələrinə əsasən, liseyin 3 şagirdi 600 baldan yuxarı nəticə göstərib. Tədris ilinin yekunlarına əsasən, bir şagird liseyi qızıl, iki nəfər isə bürünc medalla başa vurur.

Yetirmələri ilə qürur duyduğunu vurğulayan Çiçəyin oxuduğu XI U sinfinin rəhbəri Kəlmət Girmizliyeva bildirib ki, şagirdlərinin yüksək nəticə göstərmələrinin əsas səbəbi müəllimləri tərəfindən verilən tapşırıqları layiqincə yerinə yetirmələri, məktəbin daxili nizam-intizam qaydalarına ciddi əməl etmələri, həmçinin daim öz üzərində çalışmalarıdır. Qəbul imtahanlarında sinfin şagirdlərindən Çiçək Hümmətli 697,5 bal, Gülay Mütəllibova 669,4 bal, Zəhra Məmmədli isə 648 bal toplayıb. Onların hər üçün III ixtisas qrupuna imtahan veriblər. Bundan əlavə, sinfin şagirdlərindən 5 nəfəri imtahanlarda 500 baldan yuxarı nəticə göstərib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
27
azertag.az

1Источники