Ukrayna PUA-ları Rusiya aerodromlarına hücum etdikdən sonra Rusiya ən qiymətli hərbi təyyarələrini Ukrayna sərhədlərindən uzaqlaşdırır.
“The Telegraph” yazır ki, ruslar iki “Tu-160” strateji bombardmançı və raket daşıyıcısını cəbhə xəttindən 4000 mil (təxminən 6437 kilometr) uzaqlaşdırıb. Onlar uzaq Anadır aviabazasına köçürülüblər.
Qeyd edək ki, aerodroma yalnız hava və dəniz yolu ilə getmək olar, bunu peyk görüntüləri də sübut edir. Nəşr qeyd edir ki, bu aerodrom Alyaskadan təqribən 410 mil (təxminən 660 km) məsafədə, yaşayış olmayan Çukotka yarımadasında yerləşir. O, Soyuq Müharibə dövründə – Rusiyanı Amerika Birləşmiş Ştatlarının potensial hücumlarından qorumaq üçün yaradılıb. “Tu-160 səsdən sürətli bombardmançı nüvə silahı daşıya bilir və Rusiyanın arsenalında ən bahalısıdır. Bir vahidinin qiyməti təxminən 500 milyon dollardır. Müqayisə üçün, ABŞ bombardmançı donanmasının əsasını təşkil edən “B-52 Stratofortress” təxminən 94 milyon dollar dəyərində qiymətləndirilir”, – müəlliflər qeyd edirlər.
Lakin Tu-160 təkcə bahalı bombardmançı deyil, həm də olduqca nadirdir. Rusiyada bu təyyarələrdən yalnız 16-nın xidmətdə olduğu güman edilir. Bununla belə, Ukrayna “Tu-160”ların bəzilərinin “Pautina” (Hörümçək toru) əməliyyatı çərçivəsində 1 iyun hücumunda zədələndiyini iddia edir.
Kral Birləşmiş Xidmətlər İnstitutunun hava qüvvələri üzrə baş elmi işçisi, professor Castin Bronkun qeyd etdiyi kimi, Anadır bazasından alınan görüntülər Kremlin “sonrakı dron hücumları riskini azaltmağa çalışdığını” göstərə bilər.
//Samir Qurbanov, Editor.az