RU

İran üçün SON ÜÇ HƏFTƏ– ABŞ böyük hücum hazırlıqlarına START VERDİ

İran üç həftə ərzində 10-a qədər nüvə başlığı yaratmağa qadirdir. Bu fikirləri ABŞ Mərkəzi Komandanlığının rəhbəri Maykl Kurilla Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilmiş dinləmələrdə deyib:

“Əgər İran rejimi sürətləndirilmiş nüvə silahının hazırlanmasına davam etmək qərarına gəlsə, qiymətləndirmələrə görə, bir neçə zənginləşdirmə obyektlərində mövcud ehtiyatlar və sentrifuqalar təxminən bir həftə ərzində ilk 25 kq silah dərəcəli (nüvə) materialı və üç həftə ərzində on nüvə başlığını istehsal etmək üçün kifayətdir”.

O qeyd edib ki, İran nüvə silahı əldə edərsə, bölgədəki digər ölkələr nüvə silahı əldə etmək üçün mümkün olan hər şeyi edəcək, ya onları inkişaf etdirəcək, ya da satın alacaq ki, Tehrana qarşı çəkindirici potensialı qoruyub saxlaya bilsin.

Maykl Kurilla onu da qeyd edib ki, ABŞ ordusu İranın nüvə proqramı ilə bağlı məsələni həll etmək üçün Prezident Donald Trampa bir sıra hərbi variantlar təqdim edib.

Xatırladaq ki, aprelin ortalarından ABŞ-la İran arasında 5 raundluq nüvə danışıqları baş tutdu. Lakin görünən odur ki, danışıqlardan heç bir nəticə hasil olmayıb. Əksinə, İran uranın zənginləşdirilməsindən imtina etməyəcəyini açıqlayıb.

İran vurulacaq, yoxsa “danışılmış döyüş” davam edir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən siyasi ekspert Abutalıb Səmədov düşünür ki, ABŞ İranın uranın zənginləşdirilməsi məsələsində öz mövqeyindən qətiyyən geri çəkilməyəcək:

“İran iddia edir ki, nüvə silahı yaratmaq fikri yoxdur. Bunu nəzərə alan ABŞ təklif edir ki, uranın zənginləşdirilməsi işləri İran daxilində aparılmasın. Çünki atom elektrik stansiyalarında nüvə enerjisindən istifadə etmək üçün uranı 3,7 faizə qədər zənginləşdirməyə ehtiyac var ki, onu da xaricdən almaq mümkündür. Eyni zamanda, bölgədə, ancaq İrandan kənarda uranın zənginləşdirilməsi müəssisələri yarada bilər. İran isə uranı 60 faiz səviyyəsində zənginləşdirib. Nüvə silahı əldə etmək üçün isə uran 90 faiz zənginləşdirilməlidir. Belədə, İran qısa müddətdə ilk nüvə başlıqlarını istehsal edə bilər.

Amma qəribədir, bilə-bilə ki, ABŞ İrana qarşı kəskin tədbirlər görəcək, Tehran bu şərtləri qəbul etmək istəmir.

Yaranmış vəziyyətdə İran daha kəskin sanksiyalara məruz qala və yaxud onun nüvə obyektləri raket zərbələrilə vurula bilər. Bu fonda ABŞ-ın geri çəkiləcəyini güman etmək yanlış düşüncədir. Vaşinqtonla Təl-Əvivin geri çəkilmək şansı yoxdur”.

Ekspert qeyd edir ki, prosesin gedişi iki istiqamətdə cərəyan edə bilər:

“Ya İran Amerikanın təklifini qəbul etməli, ya da uranın zənginləşdirilıməsini həyata keçirən müəssisələri darmadağın ediləcək. Bu da onun üçün çox ağır nəticələr verəcək. Hesab edirəm ki, İran dərhal ABŞ-ın təklifini qəbul etməlidir. Qəbul etsələr, İran heç nəyi itirməyəcək.Əks halda raket zərbələri qaçılmazdır”.

Rüfət Sultan, Bizim.Media

Избранный
49
50
bizim.media

10Источники