RU

"Apple"dan Avstraliyaya xəbərdarlıq: "Avropanı nümunə götürməyin"

Avropa İttifaqında məcburi hala gətirilən xarici mənbələrdən tətbiq yükləmə tənzimləməsi hazırda Avstraliyada da müzakirə olunur. "Apple" isə bu modelin təhlükəli təhlükəsizlik boşluqlarına yol aça biləcəyini irəli sürərək Avstraliya hökumətinə fərqli yol seçməyi tövsiyə edir.

Valyuta.az xəbər verir ki, "Apple" Avstraliya hökumətinin rəqəmsal platformalara dair yeni tənzimləmələri gündəmə gətirdiyi bir dövrdə diqqətçəkən açıqlama verib. Şirkət, Avropa İttifaqında qüvvəyə minən qaydaların nümunə götürülməsinin istifadəçi təhlükəsizliyi baxımından riskli nəticələr doğura biləcəyini bildirib.

Avropa İttifaqı yaxın zamanda qüvvəyə minmiş "Rəqəmsal bazarlar aktı" (DMA) çərçivəsində "Apple"ı "nəzarətçi platforma" kimi tanıyıb və bu çərçivədə "iPhone" və "iPad" istifadəçilərinə "App Store" xaricindən tətbiqlər yükləməyə icazə verilməsini məcburi edib. "Apple" bu dəyişikliyi "iOS 17.4" və "iPadOS 18" yeniləmələri ilə həyata keçirib.

Hazırda oxşar yanaşma Avstraliya hökumətinin diqqət mərkəzindədir. Keçən ilin sonlarında dərc olunan təklif sənədi rəqəmsal platformaların rəqabəti məhdudlaşdırıb-məhdudlaşdırmadığını araşdırmağı və zərurət yaranarsa yeni qaydalarla bu platformaları tənzimləməyi gündəmə gətirmişdi. Xüsusilə "App Store"un qapalı quruluşu və tətbiqdaxili ödənişlərdə "Apple"ın aldığı komissiya faizi bu tənzimləmələrin əsas mövzularındandır.

"Apple": "Təhlükəsizlik zəifləyər, risklər artar"

"Apple" Avstraliyadakı müzakirələrə verdiyi cavabda Avropada tətbiq olunan tənzimləmələrin istifadəçilər üçün ciddi təhlükəsizlik boşluqları yaratdığını iddia edib. Şirkət, xarici mənbələrdən tətbiq yükləməyə icazə verilməsinin zərərli proqramların və dələduz məzmunların yayılmasını asanlaşdıra biləcəyini vurğulayıb.

"Apple" eyni zamanda Avropadakı təcrübələrinə də diqqət çəkib. Şirkətin açıqlamasına görə bu proses, istifadəçilərin pornoməzmunlu və müəllif hüquqlarını pozan tətbiqlərə çıxışını da asanlaşdırıb. "Apple" hesab edir ki, "App Store"un nəzarət mexanizmi bu kimi məzmunların yayılmasının qarşısını alan əsas təhlükəsizlik səddi olaraq qalır.

"Apple" çox tənqid olunan 30%-lik komissiya siyasətinə də aydınlıq gətirib. Şirkət bu faiz dərəcəsinin yalnız yüksək gəlir əldə edən tətbiqlərə tətbiq olunduğunu, kiçik proqramçıların isə adətən 15%-lik faizə tabe olduğunu və ya ümumiyyətlə ödəniş etmədiyini bildirib.

"Netflix" və "Spotify" kimi bir çox məzmun platformaları hazırda iOS tətbiqləri vasitəsilə abunə satışı həyata keçirərkən bu komissiyaları ödəməli olurlar. Bundan əlavə, bu tətbiqlər istifadəçilərinə alternativ ödəniş üsulları və ya fərqli təkliflər barədə "App Store" qaydalarına görə açıq məlumat verə bilmirlər.

Avstraliya bu tənzimləmələri həyata keçirib-keçirməməklə bağlı hələlik dəqiq qərar qəbul etməyib. Lakin "Apple"ın təqdim etdiyi arqumentlərin prosesin gedişatına təsir edə biləcəyi ehtimal olunur. Gözlənilir ki, hökumət yaxın aylarda mövzu ilə bağlı daha geniş qanun layihəsi və ya yekun qərar sənədi ilə ictimaiyyətin qarşısına çıxacaq.

Paşa Məmmədli

Избранный
43
valyuta.az

1Источники