RU

Maldororun son mahnısı və ya...

Bütün gecələri bir quşun sinəsi kimi yarıb keçən qaranlıqda, Urmiya şəhərinin bir guşəsində qədim ruhların iniltisi eşidildi. Və o inilti boğazdan yuxarı qalxaraq yeni bir səs doğdu. 140 yaşı olan müasir, yeni bir səs. Bu səs hətta səhnəyə də yol tapdı — bu səs Üzeyir Hacıbəylinin səsi idi. Cənubi Azərbaycanın torpaq altından baş qaldıran musiqi səsi. Bu, qadağaların üzərində yüksələn, ağızsız bir nəfəs idi. Bu, “Arşın mal alan” idi.İran adlanan və orada yaşayanların belə bəzən anlamadığı labirintdə, rəsmi olmayan dillər arasında bir xalq öz dilini danışdı. İşıqları yandırdı. Səhnəyə qalxdı. Azərbaycan mədəniyyətini daim savaşda olan qurbağa və kərtənkələlərdən azad edərək, 80 ildən sonra torpaq altından çıxardı. Bu, nəinki teatr, bu, siyasi poetika idi.İran İslam Respublikasında Azərbaycan dilində məktəb, universitet yoxdur. Təhsil ocaqlarında bu dilin qadağası qanunla olmasa da, qanunilikdən daha sərt işləyən tikiş maşınının iynələri ilə beynlərə sancılıb. Və bu dodaqların da tikilmiş olduğu şəraitdə Azəri övladları Üzeyir babalarının 140 illik yubileyini xatırladı. Bəli, İranda, Cənubi Azərbaycanda — "əməliyyat masası"nın düz üstündə.Şimali Azərbaycanda Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı hələ 3 fevral 2025-ci ildə işıq üzü görüb və... voilà! 7 iyun 2025-ci ildə Urmu teatrı ilk sırada, daha doğrusu səhnədə!Ümumiyyətlə, Urmiyanın teatrına 500 km-dən çox məsafə olmasını nəzərə alaraq, daha yaxın bir teatroda dahi ustadımız Üzeyir bəyin tamaşalarına ailəmlə bu bayram günlərində baxmaq istədim. Açdım internet sandığını və tökdüm yerli mədəni-maarif pambığını:1. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı – “Manqurt” – Ç. Aytmatov2. Azərbaycan Dövlət Akademik Musiqili Teatrı – “Paris Notr-Dama ithaf” – V. Hüqo3. Akademik Rus Dram Teatrı – “Вишнёвый сад” – A. Çexov4. Marionet Kukla Teatrı – “Şəngülüm, Şüngülüm, Məngülüm” – Nağılvə sair və ilaxır. Digər teatrlarda isə əsasən “Köhnə hamam-köhnə tas” tamaşaları nümayiş etdirilir.Demək olar ki, yerli teatrlardan yalnız Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Üzeyir bəyin yaradıcılığına ən yaxındır. Oradakı “Dəli yığıncağı” tarix və şəxsi münasibətlər nöqteyi-nəzərindən epoxanı qismən də olsa xatırladır. Cəlil bəylə Üzeyir bəyin münasibətləri hamar olmasa da, ümid var ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Dəli yığıncağı”ndan “O olmasın, bu olsun” prinsipi ilə Üzeyir bəyin də yaradıcılığına ilin sonunadək müraciət edə bilər!Başqa əlac olmadığından qayıdaq yenidən Urmiyaya. Torpaq yolu bağlı olduğundan, Urmiyaya bu gün yalnız merac etmək olar — Azərbaycanın yaddaş keşikçiləri Dr. Vəli Lütfdoxt, rejissor Araz İsanijadın “Arşın mal alan” pyesinə baxmağa. Yaddaşımızı bərpa etməyə, köklərimizə yiyə durmağa. Dr. Vəli Lütfdoxt, rejissor Araz İsanijad və onlarla bu teatrı quran bütün memar və inşaatçılar tarixdə əlaqələrimizi bir neçə dəfə yuyub aparan Arazın üzərində yeni, müasir bir körpü yaratdılar.Onların qurduğu tamaşa sadəcə bir operetta deyil, dilində susdurulmuş bir xalqın ayinidir – dirçəliş ayini. Çünki bu tamaşada səslənən hər replikada iki dövlət arasında görünməyən sətirlər var. Həm də ki, bu qoçaman dünyada "Azadlıq" adlı o qədər tamaşa var ki... Amma Urmiyadakı bu tamaşa azadlığın özüdür! Çünki bu səhnədə gülüş var. Bu gülüş isə heç də sadə deyil — əgər səni sındırmaq istəyənin önündə gülürsənsə, bu artıq müqavimətdir.Adət etdiyimiz dekorasiyalar, milli geyimlər, ənənəvi dialoqlar — mənim üçün bütün bunlar sadəcə səhnə dili deyil, yaddaşın rekonstruksiyasıdır. Çünki bu gün Üzeyir Hacıbəyovun “Arşın mal alan”ı İranda səhnələşdirilirsə, bu artıq incəsənət deyil — bu, tarixdir.Mənim üçün Azərbaycan teatrının, Maldororun ölümü Bakıda başladısa, Urmiyada sona çatdı. Bu isə öz növbəsində Azərbaycanın birliyindən bəhs edir. Vətənin bir yerində gözəl, boya-başa çatmış qadın obrazı çürüyürsə, digər tərəfində intihar rituallarının çöküşünü və həmin nöqtədən başlayan dirçəlişi müşahidə edirsən. Bu tərəzi varsa, demək, Azərbaycan da var. Bizim nəcib olub-olmamağımızı bilməsəm də, ədəbiyyatın artıq tərbiyə yox, həqiqət carçısı olduğuna inanıram.

Избранный
108
50
anspress.com

10Источники