Sea Breeze

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Nazlı Ana” Xeyriyyə Fondu və “Baku Medical Plaza” klinikalar şəbəkəsi tərəfindən birgə xeyriyyə aksiyası təşkil olunub.

Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin 1 saylı, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsində keçirilib.

Bayram tədbiri çərçivəsində uşaqlar üçün əyləncəli proqram hazırlanıb, onlara xüsusi diqqət və sevgi ilə yanaşılıb. Şənliklə yanaşı, tibbi xidmət də təşkil edilib – “Baku Medical Plaza”nın həkim-pediatrı Şəlalə Poluxova tərəfindən uşaqlara ümumi tibbi müayinələr aparılıb, 60-dan çox uşağın laborator analizləri yerindəcə təmin olunub.

Tədbirdə çıxış edən “Nazlı Ana” Xeyriyyə Fondunun icraçı direktoru Elnur Kələntərov müəssisə rəhbərliyinə səmimi qəbul və göstərilən əməkdaşlığa görə təşəkkür edib. O, bu cür təşəbbüslərin cəmiyyətin həssas təbəqələrinin sosial rifahına mühüm töhfə verdiyini vurğulayıb.

1 saylı, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin direktoru Sevinc Məlikova isə fonda və “Baku Medical Plaza”ya göstərdikləri mənəvi dəstəyə və peşəkar yanaşmaya görə təşəkkürünü ifadə edib. O, bu cür humanist aksiyaların xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təkcə tibbi deyil, emosional və psixoloji baxımdan da mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Tədbirin sonunda “Nazlı Ana” və “Baku Medical Plaza” kollektivlərinin iştirakı ilə internat evində yaşayan 150-yə yaxın azyaşlı üçün əyləncəli bayram proqramı təşkil olunub.

2024-cü ildən fəaliyyət göstərən “Nazlı Ana” xeyriyyə təşkilatının əsas məqsədi cəmiyyətin diqqətini xüsusi qayğıya ehtiyacı olan insanlara yönəltmək, qızların təhsilinə dəstək göstərmək və xeyriyyə təşəbbüslərinin əhatə dairəsini genişləndirməkdir.

Təşkilatın əsas tərəfdaşlarından olan “Baku Medical Plaza” klinikalar şəbəkəsi 2012-ci ildə yaradılıb və hazırda “Babək”, “Mərkəz” və “Medilux” filialları vasitəsilə yüksək ixtisaslı tibbi xidmətlər təqdim edir.

ETX
ETX
ETX