RU

Daniel Karvaxal MLS-ə keçə biləcəyini açıqladı

“Real”ın 33 yaşlı ispan sağ cinah müdafiəçisi Daniel Karvaxal gələcəkdə MLS-də çıxış edə biləcəyini istisna etməyib.

Arena.az “Marca” nəşrinə istinadən, Karvaxalın müvafiq açıqlamasını təqdim edir:

“Bəli, güman ki, mən artıq müsahibəmdə demişəm ki, bir gün burada, “Real”da olmayacağım gün və ya biz əməkdaşlığımızı davam etdirməməyə qərar verəcəyimiz gün, mən özümü başqa bir liqada sınamaq istərdim. Avropa liqaları ilə yanaşı, MLS də seçimlərdən biridir”, deyə Karvaxal bildirib.

Xatırladaq ki, Karvaxal İspaniya La Liqasının 2024/25 mövsümünün 9-cu turu çərçivəsində keçirilmiş “Vilyarreal”la ev oyununda (2:0) ağır zədələnib və hazırda bərpası ilə məşğuldur.

Daniel Karvaxal gənclik illərində “Leman”da və ardınca “Real”ın gənclərdən ibarət komandasında çıxış edib, buradan isə “Bayer”ə transfer edilib. Cəmi bircə mövsüm alman klubunda oynamış Karvaxal 2013-cü ildə “Real”a artıq püxtələşmiş bir futbolçu kimi qayıdıb. Daniel tədricən “qaymaqlılar”ın heyətində yerini möhkəmlədib.

Karvaxalın zədələndikdən sonra “Real” futbolçusuna etimadını və dəstəyini nümayiş etdirərək, cari mövsümün sonuna qədər olan müqaviləsinin müddətini 2026-ci ilin iyun ayının sonuna qədər uzadıb.

Artıq geridə qalmış mövsümdə Karvaxal “Real” üçün 11 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

Karvaxalın “Real” karyerası ümumilikdə 427 oyun, 14 qol və 65 məhsuldar ötürmədən ibarətdir.

Karvaxal “Real”la bütün mümkün ali klub yarışlarını qazanıb: 4 dəfə İspaniya La Liqasının, 2 dəfə İspaniya Kubokunun, 4 dəfə İspaniya Super Kubokunun, 6 dəfə Çempionlar Liqasının, 5 dəfə UEFA Super Kubokunun, 5 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub.

Daniel Karvaxal 2014-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 51 oyuna çıxıb, 1 qol vurub, 7 məhsuldar ötürmə verib. Təcrübəli futbolçu “qırmızı qəzəb”in heyətində 2023-cü il UEFA Millətlər Liqasını, 2024-cü il Avropa çempionatını qazanıb. Karvaxal həmçinin İspaniyanın U-19 və U-21 yığmaları ilə müvafiq olaraq AÇ-2011 və AÇ-2013 yarışlarında çempion olub.

“Transfermarkt” internet-portalı 33 yaşlı müdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Избранный
126
arena.az

1Источники