RU

Bu insanlar mütləq müalicə olunmalıdır -

Son günlər Azərbaycanda ictimai yerlərdə qeyri-adi və narahatedici insidentlər müşahidə olunur. Biri bıçaqla avtobusa minir, digəri isə heç bir səbəb olmadan avtobusun şüşələrini sındırır. Bu kimi hadisələr cəmiyyətdə artan aqressiyanı və insanların psixoloji gərginliyini açıq şəkildə göstərir. Görəsən, bu narahatlıqların kökündə nə dayanır? Psixoloq Ülviyyə Murtuzova Metbuat.az-a açıqlamasında bildirib ki, bu günün ən aktual mövzularından biri olan aqressiya bir neçə səbəbdən yaranır: “Bilirik ki, aqressiya xüsusi bir duyğu deyil və biz bununla doğulmuruq. Aqressiya sonradan sosial məsələlər fonunda formalaşır. Ailədəki münasibətlər, insanın əldə edə bilmədiyi arzular, qarşılaşdığı uğursuzluqlar, başqaları tərəfindən incidilməsi, cəmiyyətdən təcrid olunma, özünə qapanma və yadlaşma kimi hallar bu vəziyyəti yaradır. Bütün bunların fonunda insan depressiyaya düşür, sosiallaşmada çətinlik çəkir, yaşamaqdan qorxur, fobiyalar yaranır və nəticədə insan aqressiyanın ən ağır dərəcəsinə çatır. Belə insanlar başqalarına zərər verməklə öz maraq dairələrini genişləndirir və bundan xüsusi zövq alırlar. Bu isə artıq ciddi bir şəxsiyyət pozuntusudur. Psixologiyada bu hal "antisosial şəxsiyyət pozuntusu" adlanır”. Ü.Murtuzovanın sözlərinə görə, bu, psixoloji baxımdan ciddi bir xəstəlikdir: “Antisosial şəxsiyyət pozuntusuna malik insanlar başqalarına narahatlıq verməklə, onların şəxsi əşyalarını icazəsiz qarışdırmaqla, mülklərinə zərər verməklə zövq alırlar. Bu pozuntu adətən yeniyetməlik dövründən, təxminən 13-14 yaşdan başlayır. Bu yaş dövründə düşüncələr formalaşır, planlar qurulur və sonda həmin planların həyata keçirilməsi üçün zəmin hazırlanır. Bəzən bu planlı şəkildə olur, bəzən isə ani baş verir”. Psixoloq qeyd edib ki, bu cür hallarda həmin şəxslər mütləq müalicə olunmalıdır: “Onlara qarşı həddən artıq sərt və ya əksinə, çox yumşaq davranış effekt vermir. Əsas məsələ balansı, yəni “qızıl ortanı” tutmaqdır. Valideynlər, ailə üzvləri və ətrafdakılar belə halları gördükdə dərhal müdaxilə etməlidirlər. Bu vəziyyətdə sadəcə psixoloqa müraciət kifayət etmir, belə insanlar birbaşa psixiatr tərəfindən müalicəyə götürülməli və psixoterapevt tərəfindən terapiya almalıdır. Bu vəziyyətdən çıxış yolu yalnız budur”.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
8
4
metbuat.az

6Источники