RU

"Rusiyanın Sumı şəhərinə endirdiyi zərbə dəhşətlidir, onlar səhvə yol verib" - Tramp

 
"Bu, mənim yox, Baydenin müharibəsidir, ABŞ-da seçki saxtakarlığı olmasaydı, Putin bu savaşı başlamazdı..."
 
ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynanın Sumı şəhərinə həyata keçirdiyi vəhşi bombardmana reaksiya verib, lakin bu hərbi cinayətə görə Moskvanı açıq şəkildə qınamayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Litvanın "lrt.lt" nəşri məlumat yayıb.
 
"Bu, dəhşətdir", - Tramp Florida ştatındakı mülkündə keçirdiyi həftəsonundan sonra Vaşinqtona qayıdarkən jurnalistlərə bildirib. "Mənə dedilər ki, bu, səhvən olub. Amma məncə, bu çox dəhşətli bir hadisədir".
 
Sumıya edilən bombardman nəticəsində şəhərdə 35 nəfər həyatını itirib, 117 nəfər yaralanıb. Bu, müharibənin əvvəlindən bəri yaşayış məhəllələrinə edilən ən ağır hücumlardan biri olub.
 
ABŞ prezidenti bu cinayətə görə məsul şəxsin adını çəkməyib və insanların ölümünə kimlərin səbəb olduğu ilə bağlı birbaşa suala cavab verməkdən yayınaraq, yenidən baş verənləri "səhv" adlandırıb və jurnalistlərə bununla bağlı izahat almaq üçün Rusiyaya müraciət etməyi məsləhət görüb:
 
"Bunu onlardan soruşmaq lazımdır. Bu dəhşətli müharibədir və onun başlanması hakimiyyətin sui-istifadəsi olub", - Tramp bir daha müharibənin məsuliyyətini Prezident Co Baydenin üzərinə atıb. "Bu, Baydenin müharibəsidir, mənim yox. Mən orada qısa müddət olmuşam. Bu, Baydenin dövründə başlayıb, o, onlara milyardlarla dollar verib".
 
Tramp əlavə edib ki, əgər onun dövründə olsaydı, belə bir hadisə baş verməzdi: "Əgər seçki saxtakarlığı olmasaydı, milyonlarla insan indi sağ olardı. Çünki bu müharibə heç başlamazdı. Putin onu başlamazdı".
 
Trampın Ukraynadakı nümayəndəsi Kit Kelloq da Sumının bombardman üçün hədəf seçilməsini "səhv" adlandırıb və Verbal bazar günü (dini təqvim-red.) şəhərə hücumu "əxlaq normalarını aşan hərəkət" kimi qiymətləndirib.
 
ABŞ Milli Təhlükəsizlik Şurası isə bazar günü verdiyi açıqlamada Sumıya zərbəni "bu dəhşətli müharibəni dayandırmaq üçün prezident Donald Trampın səylərinin nə üçün bu qədər mühüm və vaxtında olduğunu xatırladan aydın bir siqnal" adlandırıb.
 
Nə Tramp, nə də Ağ Ev Moskvaya qarşı açıq ittiham irəli sürməyib, lakin ABŞ Dövlət katibi Marko Rubio daha əvvəl "Rusiyanın Sumıya etdiyi dəhşətli raket hücumu" nəticəsində həyatını itirənlərə başsağlığı verib.
 
Kiyev bildirib ki, bazar günü Moskva Ukraynanın şimal-şərqində, Rusiya sərhədinə yaxın Sumı şəhərinə iki ballistik raketlə zərbə endirib, nəticədə azı 35 nəfər, o cümlədən uşaqlar həyatını itirib.
 
Ukrayna orezidenti Vladimir Zelenski bu hücumu sosial şəbəkələrdə pisləyərək, hücumun insanların kilsəyə getdiyi bir gündə- Verbal bazar günü baş verdiyini qeyd edib: "Bu cür hərəkəti yalnız mənəviyyatsızlar edə bilər".
 
Sumıya hücum ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiyada prezident Vladimir Putinlə görüşündən iki gün sonra baş verib. Görüşdə müharibənin bitməsi perspektivləri müzakirə olunub. Bazar günü Zelenski Trampa çağırış edərək, Rusiyanın işğalının törətdiyi dağıntıları öz gözləri ilə görmək üçün Ukraynaya gəlməyə dəvət edib.
 
"İstənilən qərardan və danışıqlardan əvvəl, zəhmət olmasa gəlin, insanlara- mülki vətəndaşlara, hərbçilərə, xəstəxanalara, kilsələrə, uşaqlara, həyatını itirənlərə, dağıntılara baxın", - Ukrayna lideri CBS kanalına verdiyi müsahibədə bildirib.
Избранный
152
2
moderator.az

10Источники