Oktyabr ayının 23-də Biləsuvar şəhərində şəhid Mirişli Şəhriyar Bəxtiyar oğlunun anım günü ilə əlaqədar ata ocağı ziyarət olundu. Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, partiya fəalları, şəhid valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin ruhuna dualar oxunmuş və valideynlərinə başsağlığı verilmişdir. Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Mirişli Şəhriyar Bəxtiyar oğlu 1 mart 2002-ci ildə Biləsuvar şəhərində anadan olub. O, 2020-ci ildə həqiqi hərbi xidmətə başlamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə şücaət göstərmiş və Laçın rayonu uğrunda gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 23 oktyabr 2020-ci il tarixində Biləsuvar şəhər qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Mirişli Şəhriyar Bəxtiyar oğlu ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni ilə, "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.Allah şəhidlərimizə rəhmət eləsin!