EN

Qəzzada raket hücumunda dağılan kilsədə yüzlərlə insan gizlənib (VİDEO)

Qəzzada Müqəddəs Porfirios Yunan Pravoslav Kilsəsi İsrailin bombardmanları nəticəsində dağıdılıb.

Qaynarinfo xəbər verir ki, "Naftemporiki” qəzetinin Qəzzadakı mənbələrə istinadən verdiyi məlumata görə, onlarla insan məbədin dağıntıları altında qala bilər. Dağıntılar altında qalanların əksəriyyəti tarixi kilsəyə hava hücumlarından sığınan kilsə üzvləri, həmçinin Qəzzanın şimal və cənubundan məcburi köçkünlər olub. Qəzetin məlumatına görə, Qəzzada minə yaxın insan kilsə, onun məktəbi və digər obyektlərinə sığınıb.

Öz növbəsində Qüds Pravoslav Kilsəsinin Tiberiya arxiyepiskopu Aleksios Yunanıstanın ERT-1 telekanalına raket hücumu nəticəsində "bütün binanın dağıldığını” deyib. "Onlar ofisləri və monastırın girişini vurdular. İçəridə çoxlu xristian var idi, onların çoxu yaralanıb, bizdən də ölənlər var”, - deyən arxiyepiskop monastır və kilsədə 400-dən çox insanın olduğunu bildirib.

Bu arada "Əl-Cəzirə" telekanalının Qəzza müxbiri xəbər verir ki, Qəzza zolağında bir yunan pravoslav kilsəsində İsrail bombasının partlaması nəticəsində ən azı iki nəfər ölüb, onlarla adam yaralanıb.

Fələstin Xarici İşlər Nazirliyi özünün X sosial media hesabında Qəzzada pravoslav kilsəsinə edilən hücumda bir qadın və bir qızın həlak olduğunu bildirib. İdarənin məlumatına görə, "onlarla insan müxtəlif dərəcəli xəsarətlər alıb”, "kilsənin hissələrinə” də ciddi ziyan dəyib.

Sosial şəbəkələrdə hadisə yerindən foto və videolar yayılıb. Yeri gəlmişkən, V əsrin əvvəllərində əsası qoyulmuş Müqəddəs Porfir kilsəsi regionun ən qədim kilsələrindən biri olub.

Alpər
Chosen
683
43
qaynarinfo.az

10Sources