EN

Bosniya və Herseqovinada Xocalı qurbanlarının xatirəsi anılıb

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycanın Respublikasının Bosniya və Herseqovinadakı (BvH) səfirliyi paytaxt Sarayevo şəhərində yerləşən, Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə tikilmiş, bu yaxınlarda isə əsaslı şəkildə təmir və bərpa edilmiş Azərbaycan-Bosniya Dostluq parkında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi önündə anım mərasimi keçirilib.

525.az xəbər verir ki, tədbirdə tam tərkibdə Azərbaycan və Türkiyə Cümhuriyyəti səfirliklərinin əməkdaşları,  Türkiyənin BvH-də fəaliyyət göstərən çoxsaylı qurum və quruluşlarının (TIKA, Yunus Emre Institutu, “Maarif Schools”) rəhbər və təmsilçiləri, həmçinin  Anadolu Balkan, TRT Balkan xəbər agentlikləri və yerli KİV-lərinin və boşnak ictimaiyyətinin nümayəndələri iştirak edib. Azərbaycan və TC səfirlikləri adından abidənin önünə əklil və gül dəstələri qoyulub.

Xocalı və Srebrennitsa şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Türkiyə Səfirliyinin dini işlər müşaviri Mustafa Guvenc Xocalı şəhidlərinin və Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi uğrunda mübarizədə həyatlarını qurban vermiş bütün şəhidlərin ruhuna dua oxuyub.

Azərbaycanın BvH-dəki səfiri Vilayət Quliyev mərasim iştirakçılarınaa müraciət edərək 32 il bundan əvvəl  Azərbaycan torpaqlarını işğal edib burada “ikinci erməni dövləti” yaratmaq fikrinə düşən erməni separatçılarının Xocalı şəhərində ötən yüzilliyin dəhşətli soyqırımlarından birini törətdiklərini, yalnız milli və dini mənsubluqlarına görə yüzlərlə dinc sakini – uşaqları, qocaları, qadınları amansızla qətlə yetirdiklərini, dünyanın isə bu antibəşəri cinayətə laqeyd qaldığını bildirib. Aradan keçən illər ərzində Xocalı şəhidlərinin ruhu xalqımızı yalnız kədər və ələmə qərq etməyib, həm də haqlı intiqama səsləyib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu onillər boyu erməni işğalı altında qalmış bütün ərazilərimizi azad edib.

Səfir daha sonra bildirib ki, bu il ilk dəfə Xocalı şəhidlərinin ruhu azad edilən və böyük tikinti-quruculuq meydanına çevrilən Xocalıda qeyd olunur. Məhz bu gün, dəhşətli faciənin ildönümü günündə Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılacaq abidənin təməli qoyub. Qeyd olunub ki, müasir Azərbaycan tarixinin ən kədərli səhifələrindən biri olan Xocalı soyqırımı həm də Azərbaycan xalqının barışmazlığının, müqavimət gücünün və qan yaddaşının rəmzidir.




 






















Bizi İnstagramda izləyin

Chosen
219
7
525.az

10Sources