EN

ABŞ-dan Rusiya və Şimali Koreyaya sərt mesaj

Şimali Koreyanın xarici işlər naziri Ço Son-Huinin Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə Rusiyaya səfərindən sonra ABŞ Pxenyana xəbərdarlıq bəyanatları verib. Bizimyol.info xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü briqada generalı Patrik Rayder keçirdiyi mətbuat konfransında Şimali Koreya ilə Rusiya arasında münasibətlərin “açıq” olduğunu bildirib: “Biz Ukraynada istifadə üçün Rusiyaya verilən yardımın artmaqda davam etməsini istəmirik”, - deyə əlavə edib. Şimali Koreyanın son hipersəsli orta mənzilli ballistik raket sınağı ilə bağlı sualı cavablandıran Rayder Pxenyanı “sabitliyi pozan” fəaliyyətlərdən çəkinməyə çağırıb: “Söhbət sabitliyi pozan fəaliyyətlərdən gedirsə, biz Şimali Koreyanı bu cür fəaliyyətlərdən çəkinməyə çağırmağa davam edəcəyik. Biz sülh və təhlükəsizliyi qorumaq üçün bölgədəki müttəfiqlərimizlə sıx məsləhətləşmələrə davam edəcəyik”, - deyə Rayder eyd edib. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Rayderdən ayrı keçirdiyi mətbuat konfransında Şimali Koreya ilə dialoq çağırışını təkrarlayıb. “Biz Şimali Koreyanı növbəti təxribatçı, sabitliyi pozan hərəkətlərdən və bəyanatlardan çəkinməyə və diplomatiyaya qayıtmağa çağırırıq. Biz Şimali Koreyanı konkret müzakirələrə, xüsusən də hərbi risklərin idarə olunmasına və Koreya yarımadasında davamlı sülhə nail olmaq yollarının müəyyənləşdirilməsinə dəvət edirik”, - deyə Miller bildirib. O vurğulayıb ki, Vaşinqtonun Pxenyana qarşı “düşmənçilik niyyəti” yoxdur. Şimali Koreyanın xarici işlər naziri Ço Son-Huinin Rusiyaya səfərinə də toxunan Miller, Vaşinqtonun BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması kimi tənqid etdiyi Pxenyan və Moskva arasında silah transferlərinə diqqət çəkib: “Biz gördük ki, Rusiya Şimali Koreyaya, Şimali Koreya isə Rusiyaya silah verir. Biz Rusiyanın BMT Təhlükəsizlik Şurasının dəstəklədiyi bir çox qətnamələrini pozan addımlar atdığını gördük”, - deyə Miller qeyd edib. Qeyd edək ki, Şimali Koreyanın xarici işlər naziri Ço Son-Hui Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə Rusiyaya səfər edib və Çoun Rusiya prezidenti Vladimir Putinlə də görüşdüyü ictimaiyyətə çatdırılıb. Səfər Şimali Koreya ilə Rusiya arasında müdafiə sahəsində əməkdaşlığın artırılmasının göstəricisi kimi şərh edilib. Qadir, Bizimyol.info

Chosen
299
50
bizimyol.info

10Sources