EN

Uşaqların gizli həyatı: Valideynlər ondan xəbərsiz olarsa...

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sosial şəbəkələr müasir dövrdə uşaqların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. 

Smartfon, planşet və internetə çıxış imkanlarının geniş yayılması nəticəsində uşaqlar çox kiçik yaşlardan etibarən müxtəlif platformalarda hesab yarada, video izləyə, oyun oynaya və ünsiyyət qura bilirlər. 

Bir çox sosial şəbəkələrdə qeydiyyat üçün minimum yaş həddi müəyyən edilsə də, bəzi uşaqlar valideynlərinin xəbəri olmadan və ya yaşlarını fərqli göstərərək bu platformalara daxil olurlar. Bu isə onların həm faydalı məlumatlara çıxışını artırır, həm də müxtəlif risklərlə üzləşmə ehtimalını yüksəldir. 

Mütəxəssislər bildirirlər ki, internet mühitində kiberzorakılıq, dələduzluq, şəxsi məlumatların yayılması, zərərli məzmun və yad şəxslərlə ünsiyyət kimi təhlükələr uşaqlar üçün ciddi problemlər yarada bilər. 

Buna görə də valideynlərin övladlarının sosial şəbəkələrdən istifadəsinə müəyyən səviyyədə nəzarət etməsi vacib hesab olunur. Lakin bu nəzarətin hansı həddə qədər olmalı olduğu, uşağın məxfiliyinə və ailədaxili etimada necə təsir göstərdiyi uzun müddətdir müzakirə olunan məsələlərdən biridir. Bəs valideynlərin uşaqların sosial şəbəkə hesablarını izləməsi təhlükəsizlik baxımından nə dərəcədə vacibdir? 

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov “Cebheinfo.az”-a bildirib ki, valideynlərin uşaqların rəqəmsal dünyadakı fəaliyyətləri ilə maraqlanması və müəyyən səviyyədə nəzarət etməsi onların təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır: 

“Müasir dövrdə uşaqlar internetdə çox vaxt keçirir, müxtəlif insanlarla ünsiyyət qurur və çoxlu məlumatlarla qarşılaşırlar. Bu məlumatların və əlaqələrin hamısı faydalı və ya təhlükəsiz olmaya bilər. 

Buna görə də valideynlər uşaqlarının həm real, həm də rəqəmsal həyatında baş verənlərlə yaxından maraqlanmalı, onların gündəlik fəaliyyətləri, dost çevrələri və internetdə qarşılaşdıqları vəziyyətlər barədə açıq söhbətlər aparmalıdırlar. 

Erkən yaşlardan etibarən bu maraq və diqqətin göstərilməsi uşaqları zərərli məzmunlardan, kibertəhdidlərdən, onlayn zorakılıqdan və müxtəlif riskli davranışlardan qorumağa kömək edir. Nəzarət uşağın məxfiliyinə və valideyn-övlad münasibətlərinə mənfi təsir göstərməməlidir. 

Əgər valideyn uşağın hesablarını gizli şəkildə izləyirsə və ya ona səbəbini izah etmədən müdaxilə edirsə, bu, uşaqda etimadsızlıq hissi yarada bilər. Uşaq düşünə bilər ki, valideyn ona güvənmir və bu da münasibətlərdə gərginliyə səbəb ola bilər. Buna görə də valideyn nəzarətin məqsədini uşağa aydın şəkildə izah etməlidir. 

Uşaq bilməlidir ki, bu nəzarət ona güvənilmədiyi üçün deyil, onun təhlükəsizliyini təmin etmək və mümkün risklərdən qorumaq məqsədi daşıyır. Açıq ünsiyyət və qarşılıqlı hörmət bu prosesdə əsas rol oynayır. 

Valideyn nəzarəti ilə uşağın sərbəstliyi arasında düzgün balansın qurulması da vacibdir. Uşağın yaşına, inkişaf səviyyəsinə və məsuliyyət hissinə uyğun şəkildə ona müəyyən müstəqillik verilməlidir. 

Valideynlər yalnız qadağalar qoymaqla kifayətlənməməli, uşaqlara internetdən təhlükəsiz istifadə qaydalarını öyrətməli, onların suallarını cavablandırmalı və qarşılaşdıqları çətinliklər barədə rahat şəkildə danışa biləcəkləri bir mühit yaratmalıdırlar. 

Uşaq özünü dinlənilmiş və başa düşülmüş hiss etdikdə, problemlərini valideynləri ilə bölüşməyə daha meyilli olur. Əgər uşağın davranışında narahatlıq doğuran dəyişikliklər müşahidə edilərsə və ya vəziyyət ailə daxilində həll olunmazsa, psixoloq və ya digər psixi sağlamlıq mütəxəssislərinin dəstəyinə müraciət etmək faydalı ola bilər”. 

Psixoloq qeyd edir ki, bu yanaşma həm uşağın təhlükəsizliyini qorumağa, həm də sağlam və etimada əsaslanan valideyn-övlad münasibətlərinin formalaşmasına kömək edir. 

Aişə Abdulova 

“Cebheinfo.az”

 

Açar sözlər:

uşaqlar Rövşən Nəcəfov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
18
1
cebheinfo.az

2Sources