EN

Ekspert: Azərbaycanın rolu Cənubi Qafqazın strateji əhəmiyyətini artırır

Buxarest, 3 iyun, AZƏRTAC

Rumıniyanın “Libertatea” nəşrində dərc olunan geniş müsahibədə Amerika Birləşmiş Ştatlarının (ABŞ) nüfuzlu analitik mərkəzlərindən biri olan “German Marshall Fund”un Cənubi və Genişlənmiş Avropa Proqramının layihə rəhbəri İrina Neaqu Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqları, regionun Avropa üçün artan əhəmiyyətini və Rumıniyanın bu prosesdə oynaya biləcəyi rolu təhlil edib.

AZƏRTAC xəbər verir ki, ekspertin fikrincə, son illərdə baş verən hadisələr Cənubi Qafqazı Avropa siyasətinin periferiyasından çıxararaq strateji maraqların kəsişdiyi əsas bölgələrdən birinə çevirib. Xüsusilə Ukraynada müharibənin başlamasından sonra Avropa İttifaqı və ABŞ regiona yalnız təhlükəsizlik deyil, enerji, logistika və geoiqtisadi baxımdan da daha böyük diqqət ayırmağa başlayıb.

İrina Neaqu qeyd edir ki, regionda baş verən dəyişikliklər fonunda Azərbaycanın rolu xüsusi olaraq ön plana çıxır. Onun sözlərinə görə, Azərbaycan bu gün yalnız enerji ixrac edən ölkə deyil, həm də Avropa ilə Asiya arasında formalaşan yeni nəqliyyat və logistika sisteminin əsas iştirakçılarından biridir. Son illərdə rəsmi Bakı tərəfindən həyata keçirilən iri infrastruktur layihələri ölkənin geosiyasi çəkisini əhəmiyyətli dərəcədə artırıb.

Müsahibədə vurğulanır ki, Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycanın əhəmiyyəti xüsusilə yüksəlib. Rusiyadan enerji asılılığını azaltmağa çalışan Avropa İttifaqı üçün Azərbaycan etibarlı və uzunmüddətli tərəfdaş kimi çıxış edir. Cənub Qaz Dəhlizi, onun tərkib hissələri olan TANAP və TAP layihələri artıq Avropanın enerji xəritəsinin mühüm elementlərindən birinə çevrilib.

Ekspert hesab edir ki, Azərbaycanın strateji əhəmiyyəti yalnız enerji sahəsi ilə məhdudlaşmır. Orta Dəhliz layihəsinin inkişafı nəticəsində ölkə Avropa ilə Mərkəzi Asiya arasında əsas tranzit qovşağına çevrilməkdədir. Çindən Avropaya qədər uzanan yeni nəqliyyat marşrutlarında Azərbaycanın iştirakı regionun geoiqtisadi əhəmiyyətini daha da artırır. Bu baxımdan Bakı yalnız Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiya məkanının əsas logistika mərkəzlərindən biri kimi çıxış edir.

İrina Neaqu bildirir ki, Ermənistan-Azərbaycan münaqişəsinin başa çatmasından sonra regionda yaranan yeni reallıq iqtisadi əməkdaşlıq və nəqliyyat əlaqələrinin genişləndirilməsi üçün əlavə imkanlar yaradıb. Onun fikrincə, davamlı sülhün təmin olunması Cənubi Qafqazı Avropa ilə Asiya arasında ən vacib geoiqtisadi körpülərdən birinə çevirə bilər.

Məqalədə qeyd olunur ki, Rumıniya da bu prosesdən faydalana biləcək əsas ölkələr sırasındadır. Konstansa limanı, Qara dəniz üzərindən daşımalar və Avropa nəqliyyat şəbəkələri Rumıniyanı Azərbaycan və Mərkəzi Asiyadan gələn yük axınları üçün mühüm istiqamətə çevirə bilər. Ekspert hesab edir ki, Buxarestin strateji maraqları Azərbaycan və Cənubi Qafqazla əməkdaşlığın genişləndirilməsini zəruri edir.

İrina Neaqu vurğulayır ki, Qara dəniz regionu ilə Cənubi Qafqaz artıq bir-birindən ayrılmaz geosiyasi məkan kimi nəzərdən keçirilir. Bu kontekstdə Azərbaycan həm enerji təhlükəsizliyi, həm nəqliyyat marşrutları, həm də regional sabitliyin təmin olunması baxımından Avropa üçün xüsusi əhəmiyyət daşıyır.

Ekspertin sözlərinə görə, Vaşinqton və Brüsselin regiona yanaşmalarında müəyyən fərqlər olsa da, hər iki tərəf Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın strateji əhəmiyyətini qəbul edir. ABŞ daha çox təhlükəsizlik və geosiyasi sabitliyə diqqət yetirirsə, Avropa İttifaqı enerji və iqtisadi inteqrasiya layihələrinə üstünlük verir. Lakin hər iki yanaşmanın mərkəzində regionun sabitliyi və beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı dayanır.

Müsahibədə xüsusi vurğulanır ki, Rumıniya Vaşinqton və Brüssel arasında seçim etmək məcburiyyətində deyil. Əksinə, Buxarest Avropa İttifaqının iqtisadi imkanları ilə ABŞ-nin təhlükəsizlik təşəbbüslərini birləşdirən körpü rolunu oynaya bilər. Bu isə Rumıniyanın Qara dəniz regionunda mövqelərini daha da gücləndirə bilər.

İrina Neaqu hesab edir ki, qarşıdakı illərdə Cənubi Qafqazın beynəlxalq siyasətdə rolu daha da artacaq. Azərbaycanın enerji resursları, nəqliyyat imkanları və müstəqil xarici siyasəti ölkəni regionun əsas strateji aktorlarından birinə çevirib. Bu səbəbdən Avropa İttifaqı və ABŞ regionla bağlı siyasətlərini formalaşdırarkən Bakının rolunu nəzərə almağa məcburdur.

Məqalədə belə bir nəticəyə gəlinir ki, yeni geosiyasi şəraitdə Azərbaycan artıq yalnız Cənubi Qafqaz ölkəsi deyil, Avropa ilə Asiyanı birləşdirən strateji platformanın əsas iştirakçılarından biri kimi çıxış edir. Bu reallıq həm Rumıniyanın, həm də bütövlükdə Avropa İttifaqının regiona marağını artıran əsas amillərdən biri hesab olunur.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
Chosen
27
2
azertag.az

3Sources