EN

Hörmüz boğazında yaranan gərginliyin DÜNYA İQTİSADİYYATINA TƏSİRİ

Hörmüz boğazı ətrafında İran-ABŞ gərginliyinin dünya iqtisadiyyatına təsiri artıq hiss olunmaqdadır. Belə ki, avtomobil yağlarının qiymətindəki artım bunu deməyə əsas verir.

Mövzu ilə bağlı Day.Az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib ki, avtomobil yağlarının qiymətləri neft-kimya sənayesinin məhsulu olduğundan, bu sahədəki dəyişikliklər digər məhsulların qiymətinə də təsir edir.

O, qeyd edib ki, neft və qazdan xammal kimi istifadə olunan bütün sahələrdə qiymət artımı müşahidə olunur.

"Yəni, neft-qaz xammalı tələb olunan bütün məhsullar bahalaşır.

Qiymət artımı yalnız neft-qaz və neft-kimya sənayesində deyil, həm də daşınma xərclərində özünü göstərir. Nəqliyyatda əsas xərclərdən biri yanacaqdır və bu xərclərin artması ölkəyə gətirilən məhsulların, həm istehlak, həm də istehsal məqsədli məhsulların qiymətini yüksəldir. Çünki ölkədə istehsal olunan bir çox məhsulun xammalı idxal olunur, qablaşdırma və son emal isə yerli həyata keçirilir.

Hörmüz boğazının bağlanması, Bəndər-Abbas limanının tranzit kimi istifadə olunmaması isə şərqdən gələn məhsulların daşınma xərclərini artırır. Məsələn, Azərbaycana İran üzərindən gələn 40 futluq konteynerin qiyməti əvvəl 4500 dollar idisə, indi Poti limanı üzərindən daşınma zamanı bu məbləğ 7500-8000 dollara yüksəlir. Yəni, daşınma xərclərində 2500-3000 dollar artım müşahidə olunur. Bu, şərqdən gələn bütün məhsulların bahalaşmasına səbəb olur", - o bildirib.

X.Kərimli vurğulayıb ki, ümumiyyətlə, neft-qaz qiymətlərinin artması qlobal inflyasiyanı yüksəldir:

"Misal üçün, gübrə neft-kimya sənayesinin məhsulu olduğundan, gübrənin bahalaşması kənd təsərrüfatı məhsullarının da qiymətinə tədricən təsir göstərir. Bu, iqtisadiyyatda zəncirvari qiymət artımına gətirib çıxarır", - o vurğulayıb.

Nəsimi Ələsgərli

Chosen
19
day.az

1Sources