EN

"Rusiya-Ermənistan münasibətləri tarixdə ən gərgin mərhələsini yaşayır" - Hikmət Babaoğlu

"Rusiya-Ermənistan münasibətləri bu günə qədərki tarixdə ən gərgin mərhələsini yaşayır. Amma kənardan çox gərgin görünən bu münasibətlər, əslində, faktiki olaraq bir o qədər də gərgin deyil. Bunun səbəbini izah etmək üçün Rusiya-Ermənistan münasibətlərini mütləq iki kontekstdə dəyərləndirmək lazımdır: birincisi – geopolitik, ikincisi – geoekonomik".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu səsləndirdi.

Onun sözlərinə görə, bu gün Ermənistan yol ayrıcındadır və ölkə tarixində ilk dəfə Rusiyaya bağlı olmayan, yaxud Rusiyadan asılılığı azaldacaq bir xarici siyasət kursunu mənimsəməyə çalışır:

"Rusiya isə buna mane olur. Bu, məsələnin geopolitik tərəfidir. Ermənistan öz siyasi və təhlükəsizlik paradiqmalarını yenidən təyin etməyə, üzünü daha çox Avropaya çevirməyə çalışır. Rusiya isə buna imkan vermir, çünki Ermənistan tarixən Çar Rusiyası tərəfindən peyk kimi qurulmuşdur və bu gün də Rusiya Federasiyası bu “peyk”i itirməkdən qorxur. Peykin itirilməsi regional balansın pozulması anlamına gələ bilər. Ancaq hələlik bu, əsasən söz səviyyəsində qalır. İkinci tərəf isə Rusiya-Ermənistan münasibətlərinin geoekonomik kontekstdə qiymətləndirilməsidir. Bu baxımdan, həqiqətən də Ermənistanın iqtisadiyyatı böyük ölçüdə Rusiya ilə bağlıdır. Amma Ermənistanın iqtisadiyyatı kifayət qədər böyük olmadığından, Rusiyadan və ya Avrasiya İqtisadi İttifaqından ayrılmaq, ölkənin iqtisadiyyatını dağıtmayacaq".

Müsahibimiz qeyd etdi ki, Ermənistanı iqtisadi cəhətdən Rusiyaya asılı edən əsas məqam, Rusiyada yaşayan ermənilərin ölkəyə göndərdikləri maliyyədir:

"Təxminən illik 2 milyard dollar civarında puldan söhbət gedir. Yerli iqtisadiyyat isə əsasən kənd təsərrüfatına əsaslanır, sənaye demək olar ki, yoxdur. Bu baxımdan, erməni miqrantlar Rusiyanı tərk etməyə həvəslidir. Əgər Paşinyanın siyasi məqsədləri həyata keçərsə, Avropa İttifaqı ilə münasibətlərdə yeni bir səhifə açılacaq və ermənilər Rusiyanın yerinə Avropaya üz tutacaqlar. Avropa ölkələrində isə erməni diasporasının kökləri mövcuddur - Fransadan başlayaraq digər ölkələrə qədər".

Deputatın sözlərinə görə, bu amillər Rusiyanın “əvəzedilməz olmaq” iddiasının yanlış olduğunu göstərir.

"Yəni həm Rusiyada yaşayan ermənilər, həm də miqrantlar çox rahatlıqla Avropaya yönələ bilərlər. Beləliklə, iqtisadi gəlirlər də Ermənistana Avropadan daxil olacaqdır. Artıq Ermənistanın ticarət naziri bəyan edib ki, ölkə müəyyən istehsal məhsullarını Avropaya ixrac etməyə hazırdır, sadəcə, logistika məsələsi hələ tam həll olunmayıb. Əgər Paşinyan hakimiyyətə gəlsə və Azərbaycan üzərindən dəmir yolu işlək vəziyyətə keçsə, Türkiyə üzərindən Avropa Birliyinə çatdırılma asanlaşacaq və logistika problemi tamamilə aradan qalxacaq. Beləliklə, iqtisadi baxımdan Rusiya ilə əlaqələrin zəifləməsi Ermənistan üçün ölümcül olmayacaq. "Rusiyasız Ermənistan, Ermənistan olmaz” fikri yanlışdır", - deyə H.Babaoğlu sonda vurğuladı.

Xədicə BAXIŞLI

Chosen
33
1
redaktor.az

2Sources