EN

Bitkoin iki aydan sonra ilk dəfə 70 min dollar həddindən aşağı düşüb

ABŞ ilə İran arasında mümkün müharibə narahatlığı, həmçinin iri satışlar kriptovalyuta bazarında təzyiqi artırıb...

Poliqon xəbər verir ki, Bloomberg Agentliyinin məlumatına görə, bitkoin son iki ayda ilk dəfə olaraq 70 min dollar həddindən aşağı enib. Analitiklər bunu investor əhval-ruhiyyəsinə təsir edən geosiyasi risklər və bazardakı iri satışlarla əlaqələndirirlər.

Məlumata görə, ABŞ ilə İran arasında mümkün hərbi qarşıdurma ilə bağlı narahatlıqlar, eləcə də Strategy Inc. şirkətinin nadir bitkoin satışı onsuz da qeyri-sabit olan bazar sentimentinə əlavə təzyiq göstərib.

Bildirilib ki, bazar ertəsi Maykl Seylorun rəhbərlik etdiyi Strategy şirkəti 2022-ci ilin sonundan bəri ilk dəfə bitkoin satışı həyata keçirib. Şirkət təxminən 2,5 milyon dollar dəyərində token realizə edib. Bu addım uzun müddət bazarda aqressiv bitkoin yığımı ilə tanınan və şirkəti ən iri alıcılardan birinə çevirən strategiyadan simvolik geri çəkilmə kimi qiymətləndirilib.

Ekspertlər hesab edir ki, bitkoin üçün əlavə risk mənbələrindən biri də birja investisiya fondlarıdır. İki ildən artıq əvvəl istifadəyə verilən ABŞ spot bitkoin ETF-ləri ilkin mərhələdə qiymət artımına ciddi təkan vermişdi. Lakin hazırda həmin fondlarda rekord həddə vəsait çıxışı müşahidə olunur.

Məlumata əsasən, ABŞ spot bitkoin ETF fondlarında ardıcıl 11 gün ərzində xalis kapital çıxışı qeydə alınıb. Bu müddət ərzində investorlar təxminən 3,5 milyard dollar vəsaiti bazardan geri çəkiblər.

Analitiklər qeyd edirlər ki, geosiyasi gərginliyin davam etməsi və institusional investorların ehtiyatlı davranışı yaxın müddətdə kriptovalyuta bazarında dəyişkənliyi daha da artıra bilər.

Poliqon.info

Chosen
26
poliqon.info

1Sources