EN

AzMİU-nun şöbə müdiri: WUF13 yeni tərəfdaşlıqların qurulması üçün uğurlu platforma kimi yadda qaldı

Bakı, 2 iyun, AZƏRTAC

WUF13 Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) üçün qlobal urban gündəmdə daha fəal təmsil olunma, yeni tərəfdaşlıqların qurulması və beynəlxalq akademik əlaqələrin genişləndirilməsi baxımından mühüm platforma oldu. Forum çərçivəsində AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova iki mühüm beynəlxalq platformada çıxış etdi. Bunlardan biri şəhərsalma, memarlıq və tikinti sahəsində əqli mülkiyyət məsələlərinə həsr olunmuş panel müzakirəsi idi. Burada innovativ memarlıq həllərinin, layihələrin və texnoloji yeniliklərin müəllif hüquqlarının qorunmasının əhəmiyyəti, eləcə də bu sahədə beynəlxalq təcrübə geniş müzakirə olundu.

Bunu AZƏRTAC-a açıqlamasında AzMİU-nun PR və media şöbəsinin müdiri Nicat Abdullayev bildirib.

Forum çərçivəsində digər vacib platformanın isə universitetlərin müasir urbanizasiya proseslərində rolu ilə bağlı keçirilən beynəlxalq panel olduğunu vurğulayan Nicat Abdullayev deyib: “Dünyanın müxtəlif ölkələrindən nüfuzlu universitet rəhbərlərinin iştirak etdiyi bu müzakirələrdə professor Gülçöhrə Məmmədova əsas məruzəçilərdən biri kimi çıxış edərək, universitetlərin yalnız kadr hazırlayan müəssisələr deyil, həm də şəhərlərin gələcəyini formalaşdıran elmi mərkəzlər olduğunu vurğuladı. Bu, AzMİU-nun beynəlxalq akademik nüfuzunun daha da güclənməsi baxımından əhəmiyyətli hadisə idi”.

O qeyd edib ki, WUF13, həmçinin AzMİU-nun beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə ciddi töhfə verib. Belə ki, forum çərçivəsində AzMİU-da Ukraynanın Kiyev Dövlət Memarlıq və İnşaat Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib və tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb. Müzakirələr zamanı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi bərpa və yenidənqurma təcrübəsi xüsusi maraq doğurub. Eyni zamanda, tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatlar, ortaq layihələr və beynəlxalq proqramlar üzrə əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib.

Nicat Abdullayev diqqətə çatdırıb ki, forumun mühüm nəticələrindən biri də Fələstinin yerli özünüidarəetmə naziri, AzMİU məzunu Sami Hijjawinin universitetə səfəri olub:”Fələstin Dövlətinin Azərbaycandakı səfiri və nümayəndə heyəti ilə birlikdə universitetimizdə olan qonaqlar tədris prosesi, elmi-tədqiqat fəaliyyəti və maddi-texniki baza ilə yaxından tanış oldular. Sami Hijjawi öz çıxışında AzMİU-da aldığı təhsilin onun peşəkar fəaliyyətində mühüm rol oynadığını vurğulayaraq, gələcəkdə daha çox fələstinli gəncin universitetimizdə təhsil almasının vacibliyini qeyd etdi və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinə dəstək verməyə hazır olduğunu bildirdi”.

Onun sözlərinə görə, WUF13 tələbələr üçün böyük təcrübə məktəbi olub: “Forum 3500-dən çox tələbəmizə dünyanın müxtəlif ölkələrindən olan ekspertlər, alimlər və şəhərsalma mütəxəssisləri ilə birbaşa ünsiyyət qurmaq imkanı yaratdı. Dayanıqlı şəhərlər, yaşıl memarlıq, ağıllı şəhər texnologiyaları, urban mobillik və iqlim dəyişiklikləri kimi mövzular tələbələrimizin gələcək peşə fəaliyyətinə yeni baxış qazandırdı. Bu gün “gələcəyin şəhərləri” anlayışı artıq təkcə yeni binaların tikilməsi ilə məhdudlaşmır. Gənclərimiz şəhərlərin insan mərkəzli, ekoloji cəhətdən dayanıqlı, rəqəmsal texnologiyalardan səmərəli istifadə edən və sosial inklüzivliyi təmin edən mühitlər kimi formalaşdırılmasını gələcəyin əsas prioriteti hesab edirlər. WUF13 də məhz bu baxışların formalaşmasına və inkişafına mühüm töhfə verdi. Ümumilikdə, WUF13 AzMİU üçün beynəlxalq nüfuzun güclənməsi, yeni tərəfdaşlıqların qurulması, elmi əməkdaşlıq imkanlarının genişlənməsi və tələbələrin qlobal urban gündəmdə daha fəal iştirakının təmin olunması baxımından olduqca uğurlu platforma kimi yadda qaldı”.

Müxbir - Günel Türksoy

 

Chosen
67
1
azertag.az

2Sources