Reper Travis Skottun İstanbul konserti üçün Türkiyəyə gələn amerikalı Twitch strimeri Auger, qayıdarkən taksidə həyatının şokunu yaşayıb. Əvvəlcə qısa səfər üçün həddindən artıq bahalı gedişhaqqı ilə qarşılaşıb, sonra isə kredit kartından tutulan məbləği görəndə çox təəccüblənib.
Hafta.az yazır ki, konsertdən sonra gecə gec saatlarda otelinə qayıtmaq istəyən Auger, taksi sürücüsünün gediş üçün 50 avro tələb etdiyini bildirib. Normalda 300 lirəyə (6,5 dollar) başa gələn məsafə üçün qiyməti qəbul etməyə məcbur olan strimer kredit kartı ilə ödəniş edib.
Lakin əsl sürpriz ödənişdən sonra gəlib. Auger hesabını yoxladıqda, kartından 50 avro əvəzinə 160 dolların çıxıldığını anlayıb. Bu məbləğ təxminən 7300 lirədir. Təcrübəsini sosial mediada və yayım platformalarında paylaşan amerikalı nüfuz sahibi qısa müddətdə İstanbulda taksi sürücüləri ilə bağlı davam edən müzakirələri yenidən diqqət mərkəzinə gətirib.