Ermənistanda Samvel Karapetyanın “Güclü Ermənistan” partiyasının səkkiz tərəfdarı saxlanılıb.
Bu barədə vəkil Yura İvanyan "Sputnik Armenia"ya açıqlamasında bildirib.
Məlumata görə, saxlanılan şəxslər Arbat kəndindəndir və İrəvandakı Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.
Vəkilin sözlərinə görə, saxlanılan şəxslərə qarşı irəli sürülən ittihamlar hələlik açıqlanmayıb və müdafiə tərəfinə bu barədə rəsmi məlumat verilməyib.
Digər vəkil Tiqran Ayrapetyan isə müvəkkilləri ilə görüşmək üçün komitəyə daxil olmağa icazə verilmədiyini bildirib.
Qeyd olunub ki, seçki kampaniyasının başlanmasından sonra Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Narek Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyası ilə əlaqəli şəxslərə qarşı seçici rüşvəti ittihamları ilə bir neçə cinayət işi açıb.
Belə gərgin vaztda isə Rusiya Ermənistanın Avropa İttifaqına inteqrasiya kursunu davam etdirməsi halında qaz tədarükü ilə bağlı sazişi dayandıra və ya birtərəfli qaydada ləğv edə biləcəyi barədə İrəvana xəbərdarlıq edib.
“Kommersant” qəzetinin məlumatına görə, bu barədə Rusiyanın energetika naziri Sergey Tsivilyovun adından Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur Nazirliyinə məktub göndərilib.
Məktubda qeyd olunub ki, Ermənistan hökumətinin Avropa İttifaqı ilə əməkdaşlığı dərinləşdirmək istiqamətində atdığı addımlar və Aİ-yə üzvlük istəyi Rusiya-Ermənistan ticarət-iqtisadi və investisiya əməkdaşlığının yüksək səviyyəsini təhlükə altına qoyur.
“Ermənistanın Avropa İttifaqı ilə münasibətləri dərinləşdirmək istiqamətində davam edən praktiki addımları və Aİ-yə qoşulmaq niyyəti Rusiya-Ermənistan iqtisadi və investisiya əməkdaşlığının əsasını təşkil edən ikitərəfli beynəlxalq sazişlərin gələcəyini sual altına qoyur”, - məktubda bildirilib.
Qeyd olunub ki, söhbət Ermənistana təbii qaz, neft məhsulları və işlənməmiş almazların tədarükünə dair razılaşmalardan gedir.
Rusiya Energetika Nazirliyi, eləcə də Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur Nazirliyi məsələ ilə bağlı şərh verməyib.
TV Musavat-ın saat 12:00-da canlı yayımlanan "Həftə içi" verilişinin qonağı hüquqşünas, siyasi ekspert Polad Mehdiyevdir.