EN

Çinin xüsusi nümayəndəsi: Azərbaycanla ilin birinci rübündə ikitərəfli ticarət dövriyyəsi 30 faizdən çox artıb

Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Sun Lincian “Bir kəmər və bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığın səmərəli nəticələr verdiyini vurğulayıb və qeyd edib ki, ilin birinci rübündə ikitərəfli ticarət dövriyyəsi 30 faizdən çox artıb.

Azərbaycanın Çindəki səfirliyindən bildirilib ki, S. Lincan bu barədə Pekində 28 May – Müstəqillik Günü münasibətilə təşkil olunan rəsmi qəbulda məlumat verib.

Tədbirdə Çin rəsmiləri, Pekindəki diplomatik missiyaların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ölkəmizin Çindəki səfiri Bünyad Hüseynov çıxış edərək bildirib ki, iki ölkə arasındakı əlaqələrin tarixi qədim İpək Yolu dövrünə gedib çıxır.

Diplomat 1994-cü ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Çinə rəsmi səfəri ilə əsası qoyulan yüksəksəviyyəli siyasi dialoqun Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini və ikitərəfli əlaqələrimizin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb.

“Azərbaycan Çin texnologiyalarını özünün enerji keçidini sürətləndirməkdə mühüm element kimi görür. Ölkələrimizin strateji yaxınlaşması, həmçinin Cənubi Qafqaz regionunda davamlı inkişafın, innovasiya və infrastruktur bağlantısının yeni və keyfiyyətli tərəfdaşlığın təməlini təşkil edir. Ölkələrimiz sadəcə tərəfdaş deyil, həm də regionda ticarət, texnologiya və davamlı inkişafın yeni arxitekturasının həmtəsisçiləridir”, – səfir qeyd edib.

O bildirib ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşən Azərbaycan Çin ilə Avropa arasında ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi üçün etibarlı logistika mərkəzinə çevrilir. Azərbaycan Prezidenti tərəfindən Zəngəzur dəhlizinin uzun illər sonra yenidən açılması təşəbbüsü gələcəkdə “Kəmər və yol” layihəsinə ölkəmizin növbəti töhfəsi olacaq.

Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Sun Lincian çıxışında Çin Xarici İşlər Nazirliyinin təbriklərini çatdırıb.

“Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz milli xüsusiyyətlərinə uyğun inkişaf yolu ilə ardıcıl irəliləyiş əldə edib, ölkədə iqtisadi sabitlik, sosial dinamizm və xalqın rifahı təmin olunub, eyni zamanda, onun beynəlxalq nüfuzu sürətlə artmaqda davam edir. Yaxşı dost və tərəfdaş kimi Çin bundan məmnundur”, – xüsusi nümayəndə qeyd edib.

MənbəREPORT
Chosen
28
2
banker.az

3Sources