EN

İsrail Livanın cənubundakı 34 yaşayış məntəqəsinə zərbə xəbərdarlığı edib

BAKI, 27 may. TELEQRAF

İsrail ordusu Livanın cənubundakı 34 yaşayış məntəqəsinin sakinlərini gözlənilən hava hücumları barədə xəbərdar edib.

Teleqraf xəbər verir ki, xəbərdarlıq “Hizbullah” hərəkatına məxsus obyektlərin hədəfə alınacağı ilə bağlı edilib.

İsrail ordusunun nümayəndəsi Aviçay Adrai ərəb dilində yayımladığı müraciətdə sakinləri təhlükəli əraziləri tərk etməyə çağırıb.

“Şiə silahlılarının, onların obyektlərinin və ya hərbi texnikasının yaxınlığında olan hər kəs həyatını ciddi təhlükə altına atır. Təhlükəsizliyiniz üçün yaşayış məntəqələrindən ən azı 1000 metr uzaqlaşmalısınız”, - deyə müraciətdə bildirilib.

Məlumata görə, Bir-Sanasil, Kəbrixa, Klaviya, Kfar-Dunin, Məcdəl-Silm, Toulin, Savvana və Xirbət-Silm kəndlərinin sakinlərinə Zahrani çayının şimal sahilinə keçmək tapşırılıb.

Bundan əvvəl isə Livanın cənubundakı Nəbatiyyə şəhərinin sakinlərinə ölkənin şimalına təxliyə olunmaları barədə xəbərdarlıq edilmişdi. Müharibədən əvvəl şəhərdə təxminən 120 min nəfərin yaşadığı bildirilir.

Qeyd edək ki, mayın 24-də İsrail Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir “Hizbullah”ın bütün silahlı strukturlarına qarşı yeni əməliyyat planını təsdiqlədiyini açıqlayıb. Mayın 26-da isə Baş nazir Benyamin Netanyahu Livanın cənubunda hərbi əməliyyatların genişləndirildiyini və strateji bölgələrin nəzarətə götürüldüyünü bəyan edib.

Chosen
27
teleqraf.com

1Sources