Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) dünyanın ən böyük beynəlxalq aviasiya mərkəzi olan Dubay Beynəlxalq Aeroportunu (DXB) bağlamağı planlaşdırır. Oxuməni.az xəbər verir ki, bu barədə "Express" məlumat yayıb.
Dubay Beynəlxalq Aeroportunun tamamilə bağlanması 2035-ci ilə planlaşdırılıb. Bütün reyslər və xidmətlər tədricən hazırda genişmiqyaslı modernizasiyadan keçən yeni aviasiya mərkəzi olan “Al Maktoum International Airport”una köçürüləcək.
Bu, BƏƏ tarixindəki ən böyük infrastruktur layihələrindən biridir. Yeni aeroportun inkişafına hakimiyyət təxminən 38 milyard dollar ayırmağı nəzərdə tutur.
İşlər başa çatdıqdan sonra yeni mərkəz ildə 260 milyon sərnişinə qədər tutumu ilə dünyanın ən böyük aeroportu olacaq.
DXB-nin bütün əməliyyatları, o cümlədən "Emirates" və "flydubai" aviaşirkətlərinin reysləri də bu köçürməyə daxil olacaq.
Modernizasiya layihəsi beş paralel uçuş-enmə zolağının və 400-ə qədər təyyarə dayanacağının tikintisini nəzərdə tutur. Yeni aeroport avtomatlaşdırılmış xidmətlər və sərnişinlərin intellektual xidmət sistemləri ilə "gələcəyin aeroportu" kimi təqdim olunur.
Dubai Airports-un baş direktoru Pol Qriffits bildirib ki, iki böyük aviasiya mərkəzini bir-birinə yaxın yerdə saxlamaq iqtisadi cəhətdən məqsədəuyğun deyil. Onun sözlərinə görə, DXB-nin infrastrukturu bağlanma vaxtına qədər əhəmiyyətli dərəcədə köhnələcək və köhnə aeroportun modernləşdirilməsi çox böyük xərclər tələb edəcək.
Əlavə bir problem DXB-nin yerləşdiyi ərazidir – aeroport yaşayış məhəllələri və magistral yollarla əhatə olunub, bu da gələcəkdə genişlənmə imkanlarını demək olar ki, istisna edir.
Reyslərin aktiv şəkildə köçürülməsinə təxminən 2032-ci ildə başlanacağı, layihənin tam həyata keçirilməsinin isə 2057-ci ilə qədər başa çatacağı gözlənilir.
Bundan əlavə, yeni aeroport gələcəyin yüksək sürətli "Etihad Rail" dəmir yolu ilə inteqrasiya olunacaq. Bunun sayəsində Dubay və Abu-Dabi arasındakı səyahət müddəti təxminən 30 dəqiqəyə qədər azala bilər.
Almaz Həsənli