EN

Yusif Abdullayev: On beş ildə Azərbaycanda 21 min kilometrdən çox yol tikilib və bərpa edilib

Bakı, 26 may, AZƏRTAC

Son 15 ildə Azərbaycan 21 min kilometrdən çox yol tikib və bərpa edib, genişmiqyaslı infrastruktur layihələri həyata keçirib və iqtisadi inkişaf üçün müasir logistika imkanları yaradıb.

AZƏRTAC xəbər verir ki, bu açıqlamanı Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev “Sea Breeze”də keçirilən “İnvestisiyaların yeni coğrafiyası” sessiyasında verib.

O, qeyd edib ki, ölkə müstəqilliyini bərpa etdikdən sonra ciddi iqtisadi və infrastruktur problemləri ilə üzləşib, lakin sonrakı islahatlar və kapitalın cəlbi davamlı inkişaf üçün zəmin yaradıb.

Y. Abdullayev bildirib ki, 1994-cü ildə imzalanan “Əsrin Müqaviləsi” əhəmiyyətli bir mərhələ olub və bundan sonra Azərbaycana, əsasən neft sektoruna irimiqyaslı xarici investisiyaların axını başlayıb.

“Neft sektoru 1990-cı illərin əvvəllərində ölkə iqtisadiyyatının əsas hərəkətverici qüvvəsinə çevrilib. Daha sonra iri infrastruktur layihələrinin həyata keçirilməsi, nəqliyyat şəbəkəsinin və enerji infrastrukturunun inkişafı, o cümlədən boru kəmərlərinin tikintisi başlayıb ki, bu da qaz sektorunun artımını təmin edib”, - deyə o bildirib.

AZPROMO rəhbəri vurğulayıb ki, Azərbaycan iqtisadiyyatına cəlb edilən investisiyaların ümumi həcmi 300 milyard dolları keçib.

O, həmçinin qeyd edib ki, bugünkü dövlət siyasəti iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorlarına investisiyaların genişləndirilməsinə yönəlib.

Müxbir – Pərvanə Qafarova
Foto – İlqar Cəfərov
Video – İlham Nadirov
Chosen
31
1
azertag.az

2Sources