Sportal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
2009-cu il idi. Qurban Qurbanovlu "Qarabağ"ın Avropa Liqasında ilk dəfə pley-off-a qədər irəliləməsi hələ də gözümün qabağındadır. Elə bil dünən olub. İllər tez keçir axı...
Püşkdə "Rusenborq" düşəndə, "keçə bilməzlər" düşünmüşdüm. O dönəm üçün müşkül tapşırıq idi. Heyət də başdan-başa yerlilər. Bir Admir Teli var idi legionerlərdən. Yalnız bir nəfər? Özümə də qəribə gəldi. Dəqiqləşdirmək üçün "Qarabağ"ın tarixini beş barmağı kimi bilən Nurlan İbrahimovla əlaqə saxladım: "tək Teli, Aqolli sonrakı mövsüm gəldi" - dedi.
Yerli futbolçuların "Qarabağ"la avrokuboklarda qələbələri sıraladığı illər idi - Rəşad Sadıqov, Rauf Əliyev, Əfran İsmayılov, Rəşad Sadiqov, Elvin Məmmədov, Elnur Allahverdiyev, Maksim Medvedev, Qara Qarayev, Fərhad Vəliyev və başqaları.
Sonra asta-asta dağılışmağa başladılar. Kimisi Qurban Qurbanovun günü-gündən böyüyən tələblərinə cavab vermədi, kimisi daha yaxşı qazanc dalınca getdi. "Qarabağ" isə öz yolunda idi. Hər dayanacaqda bəzi sərinişinlərin düşdüyü, yeni sərnişinlərin mindiyi qatar kimi hədəflərinə doğru gedirdi.
Arxada qalan illərə bir sözlə qiymət verməli olsaq - möhtəşəm! Lakin keçilən yolu incələsək, nə çətinliklər gördülər, nə boyda zəhmət dayanıb bu uğurların arxasında.
Lakin ən yaxşı çalışan mexanizm belə bir gün dayanmaq reallığı ilə üz-üzədir. Tendensiyaların tez-tez dəyişdiyi dünyada, yenilikləri acgözlüklə mənimsəyən futbol sferasındakı sürətə ayaq vermək asan deyil. Xüsusən, bizim kimi kiçik futbol ölkəsinin təmsilçisi üçün.
"Qarabağ"da son baş verənlərdən belə anlaşılır ki, Qurban Qurbanov yenilənmənin vaxtı çatdığını qətiləşdirib. Əslində, onun klubdakı 18 ilini vərəqləsək, bunun ilk dəfə baş vermədiyini görərik. Amma əvvəlkilər daha çox "məxməri islahat" təsiri bağışlayıbsa, bu dəfə radikal qərarlar verilir.
Ramil Şeydayevlə Abbas Hüseynovun gedişi heç kimi narahat etmir. Bu ayrılıqlar çoxdan yetişmişdi. Amma Addaiyə qapının göstərilməsi, Toralın Türkiyə klubuna keçidi, Elvinin transferə çıxarılması... Deyilənə görə, onlardan başqa da gedənlər olacaq.
Xüsusən, yerlilərlə bağlı verilən qərarlar təəccüb yaradır. Qurban hocanı yaxşı tanıyırıq. Belə rahatlıqla kimdənsə vaz keçən məşqçilərdən deyil. Bu uşaqların futbolçu kimi böyüməsində nə qədər əziyyəti olub onun.
Bu bir daha göstərir ki, hər insanın, idmançının mümkün tutumu var. Məsələn, armudu stəkana bir litr su töksən də, həcminə uyğun gələni tutacaq, qalanı dağılıb gedəcək. "Qarabağ"ı yüksək səviyyədə saxlamaq üçün Qurban Qurbanova tutumu çox olan futbolçular lazımdır.
Yenilənmiş "Qarabağ"ı izləmək maraqlı olacaq. Çempionluq getsə də, avrokubokdakı ümidlərimiz yenə "Qarabağ"la qalıb.
Emin Abbasov
saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.