Lent az saytından alınan məlumata görə, ain.az bildirir.
Qurbanlıq heyvanın ətini paylamaq bayramın savab əməllərindən hesab olunur. İnsanlar adətən bu ətdən qonum-qonşuya, dost-tanışa, yoxsullara pay ayırırlar. Lakin bir məsələ var, görəsən, savab əməl etmək istəyərkən günaha batdığımız an varmı? Qurban ətinin verilməsinin qadağan olunduğu kəslər var?
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, ilahiyyatçı Hacı Fuad Nurullayev Lent.az-a açıqlamasında bildirib ki, qurban ətinin kiməsə verilməməsi ilə bağlı dini baxımdan konkret qadağa yoxdur:

“Qurban əti adətən üç hissəyə bölünür. Bir hissəsi qurban kəsən şəxsin ailəsinə ayrılır, digər hissəsi qohumlar arasında ehtiyacı olan insanlara verilir, qalan hissəsi isə qonşulara, tanışlara və uzaq adamlara paylana bilər.
Qurban ətinin kimlərə verilməməsi ilə bağlı konkret bir hökm yoxdur. Qurban kəsən şəxs bu məsələdə seçim hüququna malikdir və istədiyi şəxsə ətdən pay verə bilər. Burada din, məzhəb və ya irq fərqi əsas götürülmür. Qurban kəsmək yalnız Məkkədə Həcc ziyarətini yerinə yetirən şəxslər üçün vacib hesab olunur. Digər insanlar üçün qurban kəsmək vacib olmasa da, savab əməl sayılır.
Məntiqi baxımdan qurban ətinin daha çox ehtiyacı olan şəxslərə, yaşlılara, kimsəsizlərə, aztəminatlı ailələrə, yoxsullara və sosial dəstəyə ehtiyacı olan insanlara verilməsi tövsiyə edilir. Təbii ki, qurban kəsən şəxslər bunu nəzərə alaraq əti əsasən həmin ünvanlara paylamağa üstünlük verirlər. Evində əti olan, yaxşı yaşayan, hər cür maddi imkanı olan adama qurban əti verməzlər. Allah kəsilən qurbanları qəbul etsin”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.