EN

Aqrar siyasətdə yeni transformasiya: müasirlik və dayanıqlılıq modeli



Azərbaycanın kənd təsərrüfatı tarixən ölkənin iqtisadi həyatının, sosial strukturunun və mədəni yaddaşının əsas dayaqlarından biri olmuşdur. Qədim dövrlərdən etibarən torpaqla bağlı təsərrüfat mədəniyyəti Azərbaycan cəmiyyətinin formalaşmasında həlledici rol oynamış, kənd həyatı isə milli identikliyin qorunmasında mühüm məkan funksiyasını yerinə yetirmişdir. İpəkçilik, üzümçülük, taxılçılıq, bağçılıq və heyvandarlıq kimi ənənəvi sahələr əsrlər boyu həm daxili iqtisadi dövriyyənin, həm də regionlararası ticarətin əsasını təşkil etmişdir. Bu baxımdan kənd təsərrüfatı Azərbaycan tarixində yalnız iqtisadi fəaliyyət sahəsi kimi qəbul edilə bilməz. Bu həm də sosial sabitliyin və mədəni davamlılığın təməl elementi kimi qəbul edilməlidir.

XX əsrin sonlarına doğru Azərbaycan müstəqillik əldə etdikdən sonra kənd təsərrüfatı yeni bir tarixi mərhələyə qədəm qoydu. Sovet iqtisadi sistemindən bazar iqtisadiyyatına keçid dövrü aqrar sahədə ciddi struktur dəyişiklikləri və çətinliklər yaratdı. Məhz bu mərhələdə Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və dövlətçilik strategiyası kənd təsərrüfatının dağılmasının qarşısını alan əsas faktor oldu. Onun rəhbərliyi ilə həyata keçirilən torpaq islahatı aqrar münasibətlərin fundamental şəkildə yenidən qurulmasına şərait yaratdı. Torpağın kəndlilərə verilməsi, mülkiyyət münasibətlərinin formalaşdırılması və fermer təsərrüfatlarının yaradılması kənd təsərrüfatında yeni iqtisadi modelin əsasını qoydu.

Ulu öndərin aqrar sahəyə yanaşması yalnız iqtisadi deyil, həm də sosial xarakter daşıyırdı. O, kəndin dirçəldilməsini milli dövlətçiliyin möhkəmləndirilməsi ilə birbaşa əlaqələndirir, regionların inkişafını ölkənin ümumi sabitliyi və təhlükəsizliyi üçün əsas şərt kimi qiymətləndirirdi. Onun təşəbbüsü ilə kənd təsərrüfatı infrastrukturunun bərpası, meliorasiya və suvarma sistemlərinin yenilənməsi, kənd yollarının və sosial obyektlərin qurulması aqrar sektorun inkişafına güclü təkan verdi.

Məhz Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş möhkəm tarixi-siyasi və institusional təməl üzərində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müasir aqrar inkişaf strategiyası ardıcıl və sistemli şəkildə formalaşdırılmışdır. Bu inkişaf modeli təkcə əvvəlki mərhələnin davamı deyil, həm də keyfiyyətcə yeni mərhələni ifadə edən dərin struktur transformasiyası kimi çıxış edir.

Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən aqrar siyasətin əsas istiqamətlərindən biri regionların kompleks inkişafını təmin edən dövlət proqramlarının ardıcıl icrası olmuşdur. Bu proqramlar kənd təsərrüfatının yalnız istehsal sahəsi kimi deyil, bütövlükdə regionların sosial-iqtisadi dirçəlişinin əsas hərəkətverici qüvvəsi kimi formalaşmasına xidmət etmişdir. Nəticədə kəndlərdə infrastruktur – yollar, elektrik və qaz təchizatı, suvarma sistemləri, sosial obyektlər və logistika şəbəkəsi geniş şəkildə yenilənmiş, kənd təsərrüfatı üçün zəruri olan baza şərtləri müasir tələblərə uyğunlaşdırılmışdır.
Eyni zamanda, Prezident İlham Əliyevin aqrar sahəyə yanaşmasının mühüm komponentlərindən biri də dövlətin dəstək mexanizmlərinin institusional xarakter almasıdır. Subsidiyalar, güzəştli kreditlər, texnika parklarının yenilənməsi, gübrə və yanacaq dəstəyi kimi tədbirlər kənd təsərrüfatında istehsalçıların maliyyə yükünü azaltmaqla yanaşı, bu sahənin investisiya cəlbediciliyini də artırmışdır. Bu siyasət aqrar sektoru dövlət tənzimlənməsi ilə bazar mexanizmlərinin harmonik şəkildə uzlaşdırıldığı bir sistemə çevirmişdir.

Prezident İlham Əliyevin aqrar siyasətdə həyata keçirdiyi mühüm yeniliklərdən biri də sahənin texnoloji modernləşməsi və innovativ inkişaf modelinə keçididir. Müasir suvarma sistemlərinin genişləndirilməsi, aqroparkların yaradılması, kənd təsərrüfatında rəqəmsal idarəetmə, torpaq resurslarının elektron xəritələşdirilməsi və süni intellekt texnologiyalarının tətbiqi bu sahədə məhsuldarlığın artırılmasına və resurslardan daha səmərəli istifadəyə imkan yaratmışdır. Bu yanaşma kənd təsərrüfatını ənənəvi əmək əsaslı modeldən yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sektora çevirmişdir. Bununla yanaşı, Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasətdə ərzaq təhlükəsizliyi xüsusi strateji prioritet kimi müəyyən edilmişdir. Daxili istehsalın artırılması, idxaldan asılılığın azaldılması və ixrac potensialının genişləndirilməsi istiqamətində atılan addımlar kənd təsərrüfatının milli iqtisadi təhlükəsizlik sistemindəki rolunu daha da gücləndirmişdir. Xüsusilə buğda, ət və süd məhsulları üzrə özünütəminetmə səviyyəsinin artırılması istiqamətində həyata keçirilən tədbirlər bu strategiyanın praktik nəticələrini göstərir.

Dövlət başçısının aqrar sahəyə verdiyi mühüm töhfələrdən biri də Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunmasından sonra bu ərazilərin yeni aqrar inkişaf mərkəzinə çevrilməsi ilə bağlıdır. Burada həyata keçirilən “ağıllı kənd” layihələri, müasir suvarma sistemləri və innovativ təsərrüfat modelləri Azərbaycanın aqrar siyasətində yeni keyfiyyət mərhələsinin formalaşdığını nümayiş etdirir. Bu proses həm iqtisadi bərpa, həm də milli suverenliyin praktik möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Azərbaycanda kənd təsərrüfatının inkişafına dair Prezident İlham Əliyevin mayın 25-də keçirilən müşavirədə səsləndirdiyi fikirlər təkcə aqrar sahənin idarəetmə istiqamətlərini deyil, eyni zamanda dövlətin ümumi inkişaf fəlsəfəsini, iqtisadi modelini və geosiyasi baxışını əks etdirir. Bu çıxışın mahiyyətini daha dərindən anlamaq üçün onu yalnız iqtisadi sənəd kimi deyil, həm də siyasi ideologiya, sosial fəlsəfə və sivilizasion model kimi təhlil etmək zəruridir.

Müasir qlobal sistemdə kənd təsərrüfatı artıq klassik iqtisadi sektor sərhədlərini aşaraq dövlətlərin milli və qida təhlükəsizlik arxitekturasının əsas elementlərindən birinə çevrilmişdir. Qida təminatı, su ehtiyatları, torpaq resursları və logistika zəncirləri bu gün beynəlxalq güc balansını müəyyən edən strateji faktorlardır. Bu baxımdan Azərbaycanın aqrar siyasəti də daha geniş mənada dövlətin suverenlik və dayanıqlılıq konsepsiyasının tərkib hissəsi kimi çıxış edir.

Tarixi baxımdan torpaq anlayışı həmişə dövlətçiliklə birbaşa bağlı olmuşdur. Qədim dövrlərdən etibarən torpaq həm iqtisadi sərvət, həm də siyasi hakimiyyətin legitimlik mənbəyi kimi qəbul edilmişdir. Aristotelin siyasi fəlsəfəsində kənd təsərrüfatı cəmiyyətin sabitliyinin əsas dayağı sayılırdı. Sonrakı mərhələlərdə merkantilist və fiziokrat məktəblər də iqtisadi dəyərin əsas mənbəyini torpaq və kənd təsərrüfatı istehsalında görürdülər. Bu tarixi kontekst müasir Azərbaycan modelində yeni formada təzahür edir. Yəni, torpaq artıq yalnız istehsal vasitəsi deyil, milli kimliyin və dövlət suverenliyinin əsas dayağı kimi çıxış edir.

Cənab Prezidentin çıxışında xüsusi vurğulanan “şəhərlərdən kəndlərə qayıdış” ideyası müasir urbanizasiya prosesinə alternativ konseptual yanaşmadır. Klassik modernizasiya nəzəriyyələri urbanizasiyanı inkişaf göstəricisi kimi qəbul etsə də, Azərbaycanın yanaşmasında bu prosesin tənzimlənməsi və balanslaşdırılması əsas məqsəd kimi çıxış edir. Çünki nəzarətsiz urbanizasiya kənd təsərrüfatının zəifləməsinə, sosial strukturun pozulmasına və mədəni identikliyin aşınmasına gətirib çıxara bilər. Buna görə də kəndlərin inkişafı həm də sosial sabitlik və milli kimliyin qorunması məsələsidir.
Aqrar sektorun müasir geosiyasi əhəmiyyəti də xüsusi qeyd olunmalıdır. XXI əsrdə ərzaq təhlükəsizliyi enerji təhlükəsizliyi ilə paralel şəkildə dövlətlərin strateji prioritetinə çevrilmişdir. Azərbaycan bu reallığı nəzərə alaraq kənd təsərrüfatını yalnız daxili istehlakın təminatı deyil, həm də ixrac potensialı olan strateji sahə kimi inkişaf etdirir. Bu baxımdan aqrar siyasət həm də ölkənin beynəlxalq iqtisadi mövqeyinin gücləndirilməsi vasitəsi rolunu oynayır.
Texnologiyanın kənd təsərrüfatına inteqrasiyası ayrıca bir transformasiya mərhələsidir. Süni intellekt, peyk müşahidə sistemləri və rəqəmsal torpaq xəritələşdirilməsi aqrar istehsalı daha rasional və effektiv edir. Bu, kənd təsərrüfatının ənənəvi empirik modeldən elmi-analitik idarəetmə modelinə keçidini ifadə edir. Eyni zamanda dövlətin rolu da dəyişir. Dövlət artıq yalnız tənzimləyici deyil, texnoloji transformasiyanın strateji idarəedicisinə çevrilir.
Su ehtiyatları məsələsi də Azərbaycanın aqrar siyasətində mərkəzi yer tutur. Su yalnız təbii resurs deyil, həm də geosiyasi və iqtisadi güc elementidir. Su anbarlarının tikintisi və bərpası, meliorasiya sistemlərinin yenilənməsi və müasir suvarma texnologiyalarının tətbiqi kənd təsərrüfatının dayanıqlılığını təmin edən əsas faktorlardır. Bu baxımdan su siyasəti həm iqtisadi inkişaf, həm də milli təhlükəsizlik siyasətinin ayrılmaz hissəsinə çevrilir.

Kənd təsərrüfatının sosial və mədəni aspekti də xüsusi əhəmiyyət daşıyır. Kənd, həm də milli yaddaşın, adət-ənənələrin və sosial münasibətlərin formalaşdığı məkandır. Buna görə də kəndin inkişafı milli-mədəni davamlılığın qorunması baxımından strateji əhəmiyyət kəsb edir. Dövlətin bu sahəyə verdiyi diqqət, əslində, mədəni kimliyin qorunmasına yönəlmiş siyasətin tərkib hissəsidir.

Azərbaycanda kənd təsərrüfatının inkişaf strategiyası yalnız iqtisadi modernləşmə proqramı kimi qəbul edilməməlidir, bu həmçinin, çoxşaxəli bir dövlət modelinin ifadəsidir. Bu modeldə iqtisadi inkişaf, sosial sabitlik, milli təhlükəsizlik, texnoloji transformasiya və mədəni identiklik vahid sistem daxilində birləşir. Aqrar siyasət bu kontekstdə Azərbaycanın gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas strateji sütunlardan biri kimi çıxış edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan aqrar inkişaf strategiyası kənd təsərrüfatını yalnız iqtisadi fəaliyyət sahəsi kimi deyil, həm də regionların tarazlı inkişafını təmin edən, ərzaq təhlükəsizliyini gücləndirən və ölkənin ümumi modernləşmə kursunun mühüm tərkib hissəsinə çevrilən kompleks sistem kimi formalaşdırmışdır. Bu model həm tarixi ənənələrin davamı, həm də müasir innovativ inkişaf yanaşmalarının sintezi kimi Azərbaycanın kənd təsərrüfatının dayanıqlı gələcəyini müəyyən edir.

Rövşən Əliyev
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti




Chosen
19
1
aia.az

2Sources