EN

Azərbaycanın “orta güc”ü: Bu, beynəlxalq siyasətdə hansı statusdur?

Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə dediyi “Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır” sözləri beynəlxalq münasibətlər sistemindəki mövcud vəziyyətə nəzər yetirmək və “Orta güc nədir”, “Azərbaycan XXI əsrin geosiyasi müstəvisində buna necə nail oldu” suallarına aydınlıq gətirmək zərurəti yaratdı.

Beynəlxalq siyasətdə “orta güc” özündə supergüc, yaxud hegemon olmasa da, qlobal təsir imkanlarına malik olmaq anlayışını ehtiva edir. “Orta güc” statusuna malik olan ölkələri səciyyələndirən bir neçə önəmli xüsusiyyət var.

- Uğurlu diplomatiya ilə müxtəlif cəbhələr arasında bərabərhüquqlu münasibətlər qurmağı bacarır;
- Əks bloklar, yaxud qarşıdurmada olan ölkələr arasında dialoq imkanı yaradır, birləşdirici, barışdırıcı rolu ilə beynəlxalq gərginliklərdə sabitləşdirici rol oynayır;
- Digər dövlətlər beynəlxalq münasibətlərdə öz ambisiyalarını ön plana çıxardığı halda, belə ölkələr qlobal problemlərin, misal üçün, iqlim dəyişikliyi, ərzaq böhranı kimi məsələlərin həlli istiqamətində çalışır, təşəbbüslər irəli sürür;

“Orta güc” kimi müxtəlif ölkələrin adları çəkilir: Asiya-Sakit okeanı bölgəsində Avstraliya, Cənubi Koreya, Yaponiya, İndoneziya, Yaxın Şərq və Afrikada Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Afrika, Misir, Avropada Almaniya, Fransa, İtaliya, Türkiyə, Amerikada Kanada, Braziliya, Argentina və s.

Bu ölkələrin “orta güc” statusuna malik olmasını şərtləndirən əsas amil onların mövcud potensialı - əhali sayı, ərazi miqyası, iqtisadi imkanları və s. ilə ölçülür. Hərçənd, müasir beynəlxalq münasibətlər sistemində “orta güc” amili ilə bağlı yeni yanaşmalar meydana gəlib: bir sıra ölkələr əhali sayı və ərazi miqyasına görə yox, beynəlxalq nüfuzu və qlobal proseslərdə oynadığı rola görə “orta güc” hesab olunur. Azərbaycan məhz bu amillərə görə “orta güc” statusuna malikdir.

Qlobal diplomatiya: Qoşulmama Hərəkatının üzvü olan Azərbaycan heç bir siyasi-hərbi blokda yer almır, əvəzində qlobal oyunçular və regional güclərlə bərabərhüquqlu münasibətlər sistemi qurmağı bacarıb. Bu münasibətlər sistemində ən vacib amil regional müstəvidə məhdudlaşmanın olmamasıdır. Azərbaycanın super güc olan ABŞ-la olduğu kimi, super güc namizədi kimi qiymətləndirilən Çinlə də münasibətləri strateji tərəfdaşlıq müstəvisinə yüksəlib. Buna paralel şəkildə, qlobal siyasətdə aktiv rol oynayan Avropa İttifaqı, Rusiya kimi güc mərkəzləri ilə də münasibətlər analoji səviyyədədir. Rəsmi Bakının qurduğu münasibətlər sistemini regional müstəvilərdə qiymətləndirdikdə Amerika qitəsi, Avropa, Afrika, Asiya, Yaxın Şərq ön plana çıxır. Həmçinin, böyük coğrafiyanı birləşdirən Qlobal Cənub platformasında Bakının güclü nüfuzu var. Bu əlaqələr Azərbaycanı qlobal siyasətdə “orta güc” mövqeyinə yüksəldən amillərdəndir.

Birləşdirici aktor: Azərbaycanın qlobal siyasətdə ən böyük uğurlarından biri məhz dialoq məkanı olması, əks cəbhələr arasında müzakirə platformasına çevrilməsidir. Heç bir hərbi-siyasi blokda yer almaması və bütün ölkələrlə - güc mərkəzləri ilə bərabərhüquqlu münasibətlər qurması Azərbaycanın bu imkanlarını gücləndirir. Bakı ABŞ-Rusiya, Rusiya-NATO, Türkiyə-İsrail, Suriya-İsrail kimi qarşıdurma tərəflərinin dialoq apardığı əsas məkana çevrilib və Azərbaycan münaqişələrin həllinə, xüsusilə humanitar problemlərin aradan qaldırılmasına mühüm töhfə verir.

Qlobal problemlərin həlli: bu məsələ Azərbaycanın əsas prioritetləri arasındadır. 2020-ci ildə qlobal pandemiya zamanı rəsmi Bakı beynəlxalq həmrəylik yaratmaq, eyni zamanda, koronavirusa qarşı mübarizədə vaksinlərin ədalətli bölünməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış etdi. COP29 tədbirində isə Azərbaycan qlobal iqlim problemlərinin həll yollarının və ortaq maraqların tapılması ilə bağlı mühüm nəticələrə nail olub. Bir neçə gün öncə Bakıda keçirilən WUF13 isə Azərbaycanın dünyanın üzləşdiyi çağırışlarla bağlı qlobal miqyasda atdığı növbəti addımlardan biri idi. Bakının dünyada dinlərarası, mədəniyyətlərarası dialoq məkanı olaraq qəbul olunduğu da xüsusilər vurğulanmalıdır.

Bura Azərbaycanın Avrasiyanın nəqliyyat şəbəkəsindəki körpü rolunu – Şərq-Qərb və Şimal-Cənub dəhlizlərini birləşdirməsi, eləcə də enerji bazarında etibarlı tərəfdaşlığı kimi amilləri də əlavə etmək olar.

Bütün bunlar Azərbaycanı qlobal siyasətdə “orta güc” statusuna malik ölkəyə çevirib.

Asif Nərimanlı


Chosen
40
publika.az

1Sources