Bakı, 26 may, AZƏRTAC
Ekseter Universitetinin alimləri müəyyən ediblər ki, çuğundur şirəsi ağız boşluğundakı bakteriyaların tərkibini dəyişdirməklə yaşlı insanlarda arterial təzyiqin aşağı düşməsinə kömək edə bilər.
AZƏRTAC xəbər verir ki, tədqiqatın nəticələri “Free Radical Biology and Medicine” jurnalında dərc olunub.
Araşdırmada 75 nəfər iştirak edib: 39 könüllü 30 yaşadək, 36 nəfər isə 60–70 yaş arasında olub. İştirakçılar iki həftə ərzində ya nitratlarla zəngin çuğundur şirəsi, ya da nitrat tərkibi olmayan oxşar içki qəbul ediblər. Mərhələlər arasında iki həftəlik fasilə verilib. Bundan sonra alimlər ağız boşluğundakı bakteriyaların tərkibini və arterial təzyiqdə baş verən dəyişiklikləri təhlil ediblər.
Məlum olub ki, yaşlı iştirakçılarda çuğundur şirəsi arterial təzyiqi aşağı salıb, gənclərdə isə belə təsir qeydə alınmayıb. Bununla yanaşı, hər iki qrupda ağız mikrobiomunun tərkibi dəyişsə də, bu dəyişikliklər fərqli olub.
Yaşlı insanlarda çuğundur şirəsi qəbulundan sonra tədqiqatçıların bu kontekstdə potensial əlverişsiz hesab etdikləri “Prevotella” cinsinə aid bakteriyaların sayı azalıb, sağlamlığa müsbət təsirlə əlaqələndirilən “Neisseria” bakteriyalarının miqdarı isə artıb.
Müəlliflər bu təsiri nitratların rolu ilə izah edirlər. Bu birləşmələr tərəvəzlərin tərkibində olur. Xüsusilə çuğundur, ispanaq, rukola, fenxel, kərəviz və keyl kələmi nitratla zəngindir. Ağız boşluğundakı bəzi bakteriyalar nitratları azot oksidinin yaranmasında iştirak edən maddələrə çevirir. Azot oksidi isə damarların boşalmasına kömək edir və normal təzyiqin qorunmasına dəstək verir.
“Biz bilirik ki, nitratlarla zəngin qidalanma sağlamlıq üçün faydalıdır. Yaş artdıqca orqanizmdə azot oksidinin təbii sintezi azalır. Yaşlı insanlarda isə infarkt və insult riski ilə əlaqəli yüksək arterial təzyiqə daha çox rast gəlinir”, – deyə Ekseter Universitetinin professoru, tədqiqatın həmmüəllifi Anni Vanhatalo bildirib.
Tədqiqatçılar vurğulayıblar ki, çuğundur şirəsi hipertoniya əleyhinə dərmanları əvəz etmir. Bununla belə, araşdırma göstərir ki, nitratla zəngin məhsullar yaşlı yaşda damar sağlamlığının qorunması strategiyasının bir hissəsinə çevrilə bilər.
Bundan əlavə, nəticələr ağız boşluğu mikrobiomunun gözlənilməz rolunu da ortaya qoyub: damar sağlamlığına gedən yol təkcə ürəkdən və ya qidalanmadan deyil, ağız boşluğundakı bakteriyalardan da başlaya bilər.