Erməni tarixşünaslığında və ermənipərəst tarixçilərin əsərlərində guya tarixdə nə vaxtsa “Böyük Ermənistan” adlı dövlətin mövcud olması iddia edilir və bu uydurma dövlətin ərazisi Azərbaycan, Türkiyə və Gürcüstan torpaqları hesabına kağız üzərində şişirdilərək fantastik həddə çatdırılıb.
AMEA-nın həqiqi üzvü Yaqub Mahmudovun “Real tarix və “böyük Ermənistan” uydurması” əsərində ermənilərin mənşəyi ilə bağlı ilk məlumat verən yunan tarixçisi Herodota (e.ə. 480-424), onlarla qədim Roma, Bizans, yunan, erməni, suriya, rus, ingilis və digər dillərdəki ilk mənbələrə, elmi ədəbiyyata istinad edilərək ermənilərin Asiya qitəsinin yerli əhalisi olmadığı, bu etnosun ulu babaları güman olunan friqlərin Kiçik Asiyaya Avropadan (Balkan yarımadasından) köçüb gəldiyi kifayət qədər işıqlandırılmışdır. Kitabda bu etnosun necə “erməni” adlanması; I Daranın (e.ə. 522-486) Bisütun kitabəsində adı çəkilən “Armeniya”nın Əhəməni imperiyasının tərkibinə daxil olan, Dəclə çayının mənbəyindən cənubda yerləşən Arme vilayətinin adı ilə bağlı olması; “Armeniya” coğrafi termininin özünə “vətən” axtaran köçəri etnosla – indiki etnik ermənilərlə heç bir bağlılığının olmaması zəngin faktlar əsasında sübuta yetirilmişdir.
Erməni saxtakarları uydurduqları üç dəniz – Aralıq, Qara və Xəzər dənizləri arasında yerləşən “Böyük Ermənistan”ı dünyaya təkcə coğrafi anlayış deyil, həm də bir siyasi anlayış kimi – “dövlət” kimi təqdim edirlər. Guya “Velikaya Armeniya” siyasi anlayış kimi I Artaşes (Selevki sərkərdəsi Artaksi nəzərdə tutulur) və II Tiqranın çarlıq dövrləri olan e.ə. II-I əsrlər üçün səciyyəvidir.
E.ə. 223-cü ildən e.ə. 187-ci ilədək “Armeniya” adlanan ərazi Selevkilər dövlətinin tərkibində olmuş və Selevki hökmdarı Böyük Antiox tərəfindən idarə olunmuşdur. E.ə. 187-ci ildə Böyük Antioxun ölümündən sonra isə həmin ərazi yenə Selevki sərkərdələri Artaksi (Artaşes?) və Zariadri (Zarex) tərəfindən idarə olunurdu. Mənbələrin məlumatına görə Artaksi mənşəcə Midiya-Atropatenalı idi. E.ə. 165-ci ildə Artaksinin (Artaşesin?) Selevki hökmdarı IV Antiox tərəfindən məğlub edilməsi ilə “Armeniya” ərazisi yenidən birbaşa Selevkilərin idarəsi altına keçmişdir. Parfiya mənşəli II Tiqrana (e.ə. 95-55) gəldikdə isə o, e.ə. 66-cı ildə Roma sərkərdəsi Pompey tərəfindən məğlub edildikdən sonra ancaq “ata yurdu olan Armeniyanın” idarəsi ilə məşğul olmuşdur.
E.ə. 60-cı illərin sonunda Roma imperiyasının hakimiyyəti altına düşən bütün etnoslar kimi Kiçik Asiyada – Dəclə və Fərat çaylarının yuxarılarında yaşayan ermənilər də Romanın vassalına çevrilmişdi. Eramızın I əsrində Roma imperiyasının şərq vilayətlərində xristianlıq yayılmağa başlamışdı. Ermənilər də rəsmən IV əsrdə xristianlığı qəbul etmiş, kilsə Qriqorinin adı ilə erməni-qriqoryan kilsəsi adlandırılmışdı. Armeniya bölgəsi əvvəlcə Roma-Sasani, daha sonra isə Bizans-Sasani arasında mübarizə obyekti olmuşdur. 387-ci ildə Armeniya adlandırılan ərazi Roma və Sasani imperiyaları arasında bölüşdürülmüşdü. Həmin vaxtdan da ermənilər dövlətçiliyini itirmişdilər.