EN

Azərbaycan startapları Silikon Vadisində beynəlxalq görüşlər keçirirlər

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Plug and Play Tech Center-in tərəfdaşlığı ilə həyata keçirilən “GOAL” proqramının qalib startapları Silikon Vadisində bir sıra yüksək səviyyəli görüşlər keçiriblər. Proqram çərçivəsində Azərbaycan startaplarının nümayəndələri “Plug and Play” şirkətinin baş icraçı direktoru Saed Amiri ilə görüşərək investisiya imkanları, xarici bazarlara çıxış və Silikon Vadisi ekosisteminə inteqrasiya məsələlərini müzakirə ediblər. Görüş zamanı yerli startapların innovativ həlləri və məhsulları da təqdim olunub.

Startaplar eyni zamanda “Plug and Play” ekosistemində fəaliyyət göstərən müxtəlif komandalarla görüşlər keçirir, növbəti mərhələdə isə “Silicon Valley Summit” çərçivəsində “Global Startup Showcase” səhnəsində investorlar qarşısında çıxış edəcəklər.

Proqram ərzində “Hyundai Innovation Day”, “LinkedIn”, “Odoo” və “San Jose AI Center of Excellence Expo” kimi beynəlxalq tədbir və şirkət ziyarətləri də nəzərdə tutulur. Azərbaycanı təmsil edən “Pionero AI” startapı isə “Shark Tank” sessiyasının qalibi olaraq “Global Startup Showcase”də investorlar önündə təqdimat imkanı qazanıb.

Ümumilikdə, “GOAL” proqramında Azərbaycanın 6 startapı — “Glacies Biome”, “Enduropy”, “Bonfi”, “Recepta”, “Pixelfork” və “Pionero AI” iştirak edir. Onlar proqram çərçivəsində investor sessiyaları, korporativ görüşlər və beynəlxalq şəbəkələşmə tədbirlərində fəal iştirak edirlər. Layihənin əsas məqsədi Azərbaycan startaplarının qlobal innovasiya ekosistemində mövqeyini gücləndirmək, beynəlxalq investisiya və tərəfdaşlıq imkanlarını genişləndirmək və ölkənin innovasiya potensialını dünya bazarında tanıtmaqdır.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

5Sources