EN

​PAŞİNYANIN RƏQİBİ AZƏRBAYCANA NİFRƏT SAÇIR Karapetyan baş nazir olacaqsa, Ermənistanı nələr gözləyir?

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Ermənistanda revanşist düşərgənin Azərbaycana qarşı aqressiv ritorikası seçki kampaniyasında verilən bəyanatlarla növbəti dəfə açıq şəkildə üzə çıxıb. Ermənistanın baş nazirliyinə iddialı olan, “Güclü Ermənistan” partiyasının rəhbərlərindən biri, rusiyalı erməni oliqarx Samvel Karapetyan sonuncu çıxışında Azərbaycan vətəndaşlarına qarşı açıq diskriminasiya çağırışları edib və bunu gələcək dövlət siyasəti kimi təqdim edib.

Karapetyan deyib: “Ermənistanda seçkilərdə qələbə qazandıqdan sonra hökumətin elə ilk iclasında Azərbaycan vətəndaşlarının Ermənistanda torpaq və daşınmaz əmlak almasını qadağan edən qanun qəbul ediləcək... Lakin ən ciddi bir məsələ var: əgər biz Paşinyan və Əliyevin 300 min azərbaycanlının Ermənistana köçürülməsi ilə bağlı layihəsini dayandıra bilməsək, belə çıxacaq ki, bütün iqtisadi proqramlar qeyri-real olacaq. Əsas iş yerləri azərbaycanlılara qismət olacaq. Ona görə də biz hökumətin elə ilk iclasında ən vacib qanunu qəbul edəcəyik. Biz azərbaycanlıların ev və torpaq almasını, habelə hədiyyə olaraq qəbul etməsini qadağan etmək üçün bu qanunu “Səfərovun qarşısının alınması” adlandırdıq. Biz bunun necə baş verdiyini artıq görmüşük. 240 kv km Azərbaycana bağışlandı. Nə ediriksə edək, iqtisadiyyatı necə inkişaf etdiririksə etdirək, bu ən vacib problemi həll etməsək, qalan şeylərin dəyəri olmayacaq".

Beləliklə, Karapetyanın Azərbaycan vətəndaşlarının Ermənistanda torpaq və daşınmaz əmlak almasını qadağan edən qanun qəbul ediləcəyi vədi faktiki olaraq etnik mənsubiyyətə görə ayrı-seçkiliyi legitimləşdirmək cəhdidir. Ermənistanın baş nazirliyinə iddialı bir şəxsin etnik mənsubiyyətə görə daşınmaz əmlak hüququnu məhdudlaşdırmağı vətəndaşlara “təhlükəsizlik tədbiri” kimi təqdim etməsi həmin siyasi qüvvələrin düşüncə tərzini açıq göstərir

Bu açıqlama bir neçə baxımdan diqqət çəkir.

Əvvəla, Ermənistan cəmiyyətində uzun illərdir davam edən anti-Azərbaycan isteriyasının hələ də siyasi kapital kimi istifadə olunduğu aydın görünür. Müharibədə məğlub olmuş revanşist qüvvələr regionda yaranmış yeni reallığı qəbul etmək əvəzinə, yenidən düşmən obrazı yaratmaq və cəmiyyəti qorxu psixologiyası ilə manipulyasiya etmək yolunu seçirlər.

Karapetyanın “300 min azərbaycanlının Ermənistana köçürülməsi layihəsi” barədə səsləndirdiyi iddialar isə tamamilə uydurma və siyasi təxribat xarakteri daşıyır. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycanın Ermənistanın ərazi bütövlüyünə qarşı hər hansı iddiası yoxdur və regionda dayanıqlı sülhün tərəfdarıdır. Buna baxmayaraq, Ermənistan daxilində müəyyən dairələr daxili siyasi dividendlər naminə cəmiyyətdə panika və etnik qorxu mühiti yaratmağa çalışırlar.

Diqqətçəkən digər məqam Karapetyanın “əsas iş yerləri azərbaycanlılara qismət olacaq” kimi populist və irqçi tezislərlə çıxış etməsidir. Bu ritorika klassik ksenofob siyasi texnologiyanın nümunəsidir. Yəni ölkədəki sosial-iqtisadi problemlərin məsuliyyəti xarici “təhlükə”nin üzərinə atılır və cəmiyyət radikal çağırışlara hazırlanır.

Əslində isə Ermənistanın əsas problemi Azərbaycan deyil. Ölkə illərdir ağır demoqrafik böhran, kütləvi miqrasiya, iqtisadi durğunluq və xarici asılılıq içindədir. Minlərlə insan Ermənistanı tərk edir, investisiya mühiti zəifləyir, siyasi institutlara etimad azalır. Belə bir şəraitdə Karapetyan kimi fiqurlar real problemlərin həlli əvəzinə etnik nifrəti siyasi proqram kimi təqdim etməyə çalışırlar.

Karapetyanın çıxışında istehza doğuran məqamlardan biri də qəbul etmək istədikləri qanunu “Ramil Səfərovun qarşısının alınması” adlandırmasıdır. Bu, açıq şəkildə Azərbaycana qarşı nifrət simvolu formalaşdırmaq və gələcəkdə anti-Azərbaycan siyasətinə hüquqi don geyindirmək cəhdidir.

Əgər belə yanaşmalar Ermənistanda dövlət siyasətinə çevrilərsə, bu, regionda sülh gündəminə ciddi zərbə vuracaq. Çünki sülh qarşılıqlı etimad, hüquqi bərabərlik və qonşuluq münasibətləri üzərində qurulur, etnik ayrı-seçkilik və revanşizm üzərində yox.

Karapetyanın bəyanatı həm də göstərir ki, Ermənistanda müəyyən dairələr hələ də Cənubi Qafqazda yeni geosiyasi reallığı qəbul etməyə hazır deyillər. Onlar regionun əməkdaşlıq və iqtisadi inteqrasiya mərhələsinə keçməsini deyil, düşmənçilik mühitinin davam etməsini istəyirlər. Bu isə ilk növbədə Ermənistanın öz gələcəyinə vurulan zərbədir.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
25
azpolitika.info

1Sources