EN

Avtomobillər niyə qəfil yanır? Ustadan XƏBƏRDARLIQ

ain.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Son vaxtlar avtomobillərdə qəfil yanğın halları ilə bağlı xəbərlərin artması sürücüləri narahat edən əsas məsələlərdən birinə çevrilib. Xüsusilə yay fəslinin yaxınlaşması və havaların daha da istiləşməsi fonunda avtomobillərdə yanğın riskinin artacağı ehtimalı da gündəmdədir.

Bəs maşınlar əsasən hansı səbəbdən yanır və sürücülər riski minimuma endirmək üçün nələrə diqqət etməlidir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-ın suallarını cavablandıran avtomobil ustası Sahil Ağabəyli bildirib ki, xüsusilə hibrid və plagin-hibrid avtomobillərdə şarj qaydalarına düzgün əməl olunması vacibdir.

Onun sözlərinə görə, bəzi sürücülər avtomobilini evdə və ya iş yerində şarj edərkən uyğun olmayan naqillərdən istifadə edirlər ki, bu da ciddi təhlükə yarada bilər.

“Avtomobillərdə yeni hibridlər, plagin-hibridlər var və onların şarjı zamanı qaydalara düzgün riayət olunmalıdır. Görürük ki, bir çox insanlar avtomobillərini evdə, bəziləri isə iş yerlərində şarj edir. Bəzən uzun kabellərdən, cərəyanı normal şəkildə daşımayan naqillərdən istifadə olunur. Bu isə yanğına səbəb ola bilər. Dünya üzrə hibrid və plagin-hibrid avtomobillərdə yanğına səbəb olan əsas amillərdən biri düzgün kabelləşmə aparılmayan yerlərdə avtomobillərin şarja qoşulmasıdır”.

Sahil Ağabəyli qeyd edib ki, daxili yanma mühərrikli avtomobillərdə isə əsas risk mənbələrindən biri yanacaq sistemidir.

“Daxili yanma mühərrikli avtomobillərdə əsas diqqət benzin borularına və yanacaq xətlərinə yetirilməlidir. Bu xətlər mütəmadi yoxlanmalıdır. Adətən hər yağ dəyişimi zamanı həmin hissələrin də yoxlanılması məqsədəuyğundur”.

Sahil Ağabəyli: Kabelləşmə olmayan yerlərdə avtomobili şarj etməyin

Usta bildirib ki, mühərrik hissəsində yığılan yağ qalıqları da isti havalarda təhlükəli nəticələrə səbəb ola bilər.

“Əgər avtomobilin mühərrik hissəsində çoxlu yağ təbəqəsi varsa, xüsusilə yay aylarında həddindən artıq isinmə nəticəsində bu da yanğına səbəb ola bilər”.

Mütəxəssisin sözlərinə görə, dizel mühərrikli avtomobillərdə də diqqət tələb edən əsas məqamlardan biri qurum süzgəcləridir.

“Xüsusilə Avro-5 və Avro-6 standartlarında olan dizel avtomobillər qurum süzgəci ilə təchiz olunur. Həmin süzgəclərin tutulması nəticəsində də yanğın riski yarana bilər. Təcrübədə dizel avtomobillərdə yanğın hallarının səbəblərindən biri məhz bu olur”.

Sahil Ağabəyli yay mövsümü öncəsi sürücülərə avtomobillərini texniki baxışdan keçirməyi, mühərrik hissəsində yağ sızmalarını yoxlatdırmağı, yanacaq xətlərinə nəzarət etməyi və xüsusilə elektrikli avtomobillərdə şarj zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edib.

Zeynəb Rzayeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
14
1
bakivaxti.az

2Sources