EN

“Uşaqlarımız futbola yönəlməklə sağlamlıqlarını inkişaf etdirməlidirlər”

futbolpress-az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Futbol təkcə meydançada baş verən oyunlardan ibarət deyil. Bu, həm də dövlət siyasəti, sosial həyat, gənclərin inkişafı və gələcəyin idman mədəniyyəti ilə bağlı çoxşaxəli prosesdir.

Son illərdə legioner futbolçulara geniş meydan verilməsi, klubların qısamüddətli uğurlara fokuslanması fonunda uşaq futbolunun inkişafı arxa planda qalır. Halbuki bu sahə həm də ölkənin ümumi sağlamlıq və sosial həyat tərzinin göstəricisi kimi vacibdir.

Bəs uşaq futbolunun kütləviləşməsi və sağlam inkişafı üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Futbolpress.az-a açıqlama verən “Qarabağ”-ın Futbol Akademiyasının meneceri Nail Kərimov hesab edir ki, hazırki vəziyyətdə mövcud şərait klublara öz futbolçularını yetişdirmək üçün kifayət qədər stimul vermir:

“Klublar onlara ayrılan dotasiyaları əsas heyəti gücləndirməyə yox, futbol infrastrukturlarını gücləndirməyə sərf etməlidirlər. Bu gün uşaqlarımız futbola yönəlməklə sağlamlıqlarını inkişaf etdirməlidirlər. Amma onlar futbolu təhlükəli yerlərdə oynayırlar. Buna baxmayaraq, klublarımız legioner oyunçulardan bu qədər geniş istifadə edirlər.

Niyə? Çünki, hamı istəyir ki, klubu uğurlu olsun, avrokuboklarda iştirak etsin, daha çox pul qazansın. Klubların öz oyunçularını yetişdirməyi üçün heç bir maddi stilmulu yoxdur.

Baxın, bir klub özü üçün maddi cəhətdən faydalı oyunçu yetişdirməyi üçün gərək 20-30 oyunçu cəlb etsin, onlara mütəmadi vaxt, enerji, pul yatırsın ki, bəlkə onlardan biri ya satılıb kluba pul qazandırsın, ya da klubun əsas heyətində fayda verməyə qadir olsun. Bu, uzunmüddətli və xərc aparan prosesdir və dövlətin, federasiyanın dəstəyinə ehtiyac duyur”.

Mütəxəssis bu problemin aradan qaldırılmağı istiqamətində görülən tədbirlərdən də danışıb:

“Hazırda bu prosesi yaratmaq üçün aktiv işlər gedir və yəqin üzümüzə gələn illərdə təkmilləşmiş məqsədyönlü işlərin, qərarların şahidi olacağıq. Bildiyimə görə, öz yetirmələrini əsas heyətdə oynatmağa görə klublara əlavə pul ayrılması istiqamətində qərar verib. Hələki, təklif olunan məbləğ daha çox simvolikdir,amma növbəti illərdə onun da artırılıb klublar üçün ciddi stimul verəcək məbləğə çevriləcəyinə inanıram”.

Şahlar Ruhi

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
20
futbolpress.az

1Sources