EN

Müsəlman olmayanlara qurban əti verilməlidir?

Qurban Bayramı yaxınlaşdıqca insanlar arasında qurban ibadətinin qaydaları ilə bağlı suallar da artır. 

İslam aləmində xüsusi önəm daşıyan bu bayram təkcə ibadət deyil, eyni zamanda yardımlaşma, paylaşma və sosial həmrəylik ənənəsi kimi qəbul edilir. Bu günlərdə ən çox müzakirə olunan məsələlərdən biri də qurban payının kimlərə verilməsinin uyğun olmasıdır. 

Hansı şəxslərə qurban əti paylamaq tövsiyə edilir? Kimlərə verilməsi düzgün sayılmır? Həmçinin, qurban payının qeyri-müsəlmanlara təqdim olunmasının dini baxımdan mümkün olub-olmaması da maraq doğuran mövzulardandır.

İlahiyyatçı Tural İrfan Hit.az-a açıqlamasında deyib ki, müsəlman olmayan şəxslərə də qurban əti vermək olar: 
“Xristian, yəhudi və digərləri üçün də bu paydan ayrıla bilər. Lakin İslama, Peyğəmbərə, Qurana konkret düşmənçilik mövqeyində olanlara qurban əti vermək doğru deyil. Qurban İslamda vacib ibadətlərdəndir. Dəvə, inək, camış kimi iribuynuzlu heyvanları 7 nəfərə qədər müsəlman birləşib kəsə, sonra bölə bilər. Qoyun və keçini isə ancaq tək adam kəsə bilər. 

Qurban əti əsasən üç hissəyə bölünür. İlk hissə özü və ailəsi, ikinci qonşu və qohumlar, üçüncü hissə də kasıb və ehtiyacı olanlar üçündür. Ancaq bu hökm deyil, əgər ehtiyac varsa hamısını özü və ailəsi üçün də sərf edə və ya hamısını paylaya da bilər. İşin bu hissəsi sadəcə əmr yox, tövsiyə xarakteri daşıyır”. 

Onun dediyinə görə, qurban kəsməkdə əsas məqsəd Allaha yaxınlaşmaq və sosial yardımlaşmadır: 

“İnsanlara maddi dəstək olmaq, qurban payı vermək bu ərəfədə şərtdir. Səxavətli, mərhəmətli insan xəsis və xəbisdən seçilsin deyə Allah ildə bir dəfə belə bir sınaq icra edir. Oruc, cihad canın sınağı, zəkat, qurban isə malın sınağıdır. Allah özü bəxş etdiyi nemətləri bölüşməyi əmr edir və bunu da savabla əvəzləyir. 

Ümumiyyətlə, maddi imkanı yüksək olan şəxslər yüzlərlə, minlərlə qurban olsun qocalar, uşaqlar evinə yardım etməlidir. Demək olar ki, əksər müsəlman ölkələrində belədir. Təəssüf ki, bizdə din cəmiyyətin bütün hissələrinə normal və olduğu kimi çatdırılmadığından belə ənənələr formalaşmayıb. Yalnız kollektiv sinəyə, başa döymək, səs-küy salmaq kimi mənfi adətlər qalıb”. 

400396

T.İrfanın fikrincə, din düzgün təbliğ olunsa ölkəmizdə də əsasən imkanlı adamlar qurbanlar kəsib paylayar: 

“Bunun üçün də özü qabağa düşüb nümunə göstərən şeyx, alim lazımdır. Təəssüf ki, bizdə də belə şeyxlər yoxdur. Ümid edək ki, Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti və sağlam ilahiyyatçıların səhih maarifləndirməsi sayəsində bizdə də kasıblara kütləvi qurbanlar hədiyyə edən, yardım edən imkanlı şəxslər yetişəcəkdir”.

Günel Cəlilova

Chosen
2
hit.az

1Sources