EN

Hamiləlik zamanı hansı analizlər vacibdir? Həkim danışdı

Lent az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ailə Planlanması Məsləhətxanasının mama-ginekoloq-endokrinoloqu Natəvan Axundova ilə müsahibə.

Lent.az bu müsahibəni təqdim edir:

- Autoimmun tiroidit nədir və hamiləliyə necə təsir göstərə bilər?

- Autoimmun tiroidit qalxanabənzər vəzin immun sistemi tərəfindən zədələnməsi ilə xarakterizə olunan xroniki xəstəlikdir. Bu proses zaman orqanizm öz vəz hüceyrələrinə qarşı anticisimlər hazırlayır və hormon sintezi tədricən azalır. Qalxanabənzər vəz hormonları maddələr mübadiləsinin tənzimlənməsi və orqanların normal fəaliyyəti üçün həyati əhəmiyyət kəsb edir. Hamiləlik dövründə isə bu hormonlar həm ana orqanizminin yeni vəziyyətə uyğunlaşması, həm də dölün erkən inkişafı üçün xüsusilə vacibdir. Erkən mərhələdə döl tamamilə ana hormonlarından asılı olduğu üçün, hər hansı çatışmazlıq inkişaf prosesinə mənfi təsir göstərə bilər. Bu səbəbdən, cütlüklərin hələ hamiləliyi planlaşdırma mərhələsində mütəxəssisə müraciət etməsi tövsiyə olunur.

- Autoimmun tiroiditi olan qadınlarda hamiləliyin planlaşdırılması necə təşkil olunur?

- Bu diaqnozu olan qadınlarda hamiləliyin planlaşdırılması, ilk növbədə, hormonal vəziyyətin qiymətləndirilməsi ilə başlayır. Həkimlər qalxanabənzər vəzin fəaliyyət göstəricilərinin (TSH, FT4) hamiləlik üçün uyğun səviyyədə olmasını təmin etməyə çalışırlar. Lazım gəldikdə, hormonəvəzedici preparatlarla korreksiya aparılır və nəticələr müəyyən müddət ərzində izlənilir. Bəzi qadınlarda əlavə ginekoloji və metabolik müayinələrin aparılması məqsədəuyğun hesab edilir. Qidalanma rejimi, vitamin ehtiyatları və orqanizmdə mövcud olan digər xroniki xəstəliklər də planlaşdırmaya təsir edən amillərdəndir. Müntəzəm tibbi nəzarət hamiləliyin baş tutma ehtimalını artırır.

- Hamiləlik zamanı autoimmun tiroiditin simptomları dəyişirmi?

- Hamiləlik dövründə hormonal və immun sistemdə baş verən dəyişikliklər xəstəliyin gedişinə təsir göstərə bilər. Erkən aylarda metabolik dəyişikliklər simptomların fərqli şəkildə hiss edilməsinə səbəb olur. Bu əlamətlərin bir çoxu normal hamiləlik simptomları ilə bənzər olduğundan, onları bir-birindən fərqləndirmək çətin olur. Ona görə də, yalnız klinik əlamətlərə əsaslanaraq qərar vermək düzgün deyil. Laborator göstəricilərin mütəmadi izlənilməsi real vəziyyəti qiymətləndirməyə imkan verir. Simptomların artması və ya azalması müalicə dozalarının yenidən tənzimlənməsini zəruri edə bilər.

- Autoimmun tiroidit hamiləlikdə hansı riskləri yarada bilər?

- Hormonal balansın pozulması bəzi hamiləlik ağırlaşmalarının yaranma ehtimalını artıra bilər. Bu zaman ana orqanizmində qan təzyiqi dəyişiklikləri və metabolik problemlər müşahidə oluna bilər. Erkən inkişaf mərhələsində hormon çatışmazlığı dölün bəzi funksional sistemlərinin formalaşmasına mənfi təsir göstərə bilər. Bəzi hallarda vaxtından əvvəl doğuş və ya körpənin aşağı çəki ilə doğulma riski yüksələ bilər. Bununla belə, müasir tibbi yanaşmalar bu risklərin əksəriyyətini idarə etməyə imkan verir.

- Hamiləlik zamanı hansı analizlər vacibdir?

- Hamiləlik dövründə qalxanabənzər vəzin fəaliyyətini qiymətləndirmək üçün müəyyən hormon testlərinin (əsasən TSH və sərbəst T4) aparılması vacibdir. Bu göstəricilər orqanizmin hormon ehtiyacının ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə kömək edir. Bəzi hallarda autoimmun prosesin aktivliyini qiymətləndirmək üçün anticisimlər (Anti-TPO) də yoxlanılır. Nəticələr hamiləliyin mərhələsinə (trimestrinə) uyğun olaraq şərh olunmalıdır, çünki fizioloji dəyişikliklər laborator normalara təsir göstərir. Müayinələrin müəyyən aralıqlarla təkrarlanması müalicənin effektivliyini izləməyə imkan verir.

- Müalicə necə aparılır və dərmanlar döl üçün təhlükəsizdirmi?

- Müalicənin əsas məqsədi ehtiyac olan hormon səviyyəsini normal həddə çatdırmaqdır. Bunun üçün həkim təyinatı ilə sintetik hormon preparatlarından (məsələn, L-tiroksin) istifadə olunur ki, bunlar da hamiləlik dövründə təhlükəsiz hesab edilir. Əksinə, adekvat terapiya ağırlaşmaların qarşısını almağa kömək edir. Hamiləlik zamanı orqanizmin tələbatı artdığı üçün dozaya fərdi qaydada düzəliş edilə bilər. Dərmanı özbaşına dayandırmaq və ya dozanı dəyişmək ciddi fəsadlara yol aça bilər.

- Doğuşdan sonra autoimmun tiroidit necə dəyişə bilər?

- Doğuşdan sonra immun sistemin aktivliyində dəyişikliklər baş verdiyi üçün vəzin funksiyasında dalğalanmalar yarana bilər. Bəzi qadınlarda əvvəlcə hormon artımı (tireotoksikoz), daha sonra isə azalması ilə müşayiət olunan "doğuşdan sonrakı tiroidit" mərhələləri müşahidə edilir. Bu vəziyyət çox vaxt müvəqqəti olsa da, bəzi hallarda qalıcı hormonal dəyişikliklərə çevrilə bilər. Yorğunluq və emosional həssaslıq kimi əlamətlər doğuşdan sonrakı depressiya ilə qarışdırıla bilər, buna görə də laborator yoxlamalar mütləqdir.

- Autoimmun tiroiditi olan hamilələr həyat tərzində nələrə diqqət etməlidir?

- Sağlam həyat tərzi müalicənin effektivliyinə müsbət təsir göstərir. Qidalanmada zülal, vitamin və mineralların balansına diqqət yetirilməlidir. Yod tərkibli əlavələr yalnız mütəxəssis tövsiyəsi ilə qəbul edilməlidir, çünki autoimmun proses zamanı yodun artıqlığı bəzən mənfi təsir göstərə bilər. Stressin azaldılması, kifayət qədər yuxu və yüngül fiziki aktivlik ümumi vəziyyəti dəstəkləyir. Dərmanların hər gün eyni vaxtda (adətən səhər acqarına) qəbulu və digər preparatlarla qəbul intervalına (ən az 4 saat) əməl edilməsi müalicənin effektivliyi üçün vacibdir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
2
3
lent.az

5Sources