EN

“WhatsApp”da yeni funksiya işə düşür

“WhatsApp” messenceri yeni funksiyanı işə salır. Belə ki, messencerin iPhone üçün yeni beta-versiyasında istifadəçilərə kimin hazırda onlayn olduğunu və ya yaxın vaxtlarda aktivlik göstərdiyini daha tez görməsinə imkan verəcək yeni kontakt bölməsi aşkarlanıb.

Bildirilir ki, “WhatsApp” istifadəçilərin aktivliyinə görə qruplaşdırıldığı ayrıca kontakt mərkəzi üzərində işləyir. Burada əvvəlcə seçilmiş kontaktlar, daha sonra hazırda onlayn olan istifadəçilər, aşağı hissədə isə yaxın vaxtlarda aktiv olmuş şəxslər göstəriləcək.

Hazırda sistem fərqli cür işləyir. Müəyyən bir şəxsin onlayn olub-olmadığını yoxlamaq üçün dialoqu açıb çatın yuxarı hissəsinə baxmaq lazımdır. Kontaktların sayı çox olduqda isə istifadəçilər bir növ “klassik kvest”lə üzləşirlər: bir çat açılır, bağlanır, sonra digəri açılır və yenidən bağlanır.

Yeni bölmə bu qarışıqlığı aradan qaldırmalı və kontaktların aktivliyini bir yerdə göstərməlidir. Lakin burada vacib bir məqam var: “WhatsApp”ın məxfilik qaydaları dəyişməyəcək. İstifadəçi başqasının onlayn statusunu yalnız öz statusunu göstərməyə icazə verdiyi halda görə biləcək. Yəni əvvəlki prinsip qüvvədə qalır: başqalarını izləmək istəyirsənsə, başqalarının da səni görə biləcəyinə hazır olmalısan.

“WABetaInfo”nun məlumatına görə, yeni bölmə tətbiqin ayarlarından əlçatan olacaq. Hazırda funksiya hətta beta-test iştirakçıları üçün də aktiv deyil, lakin tədqiqatçılar onu əl ilə işə sala biliblər.

Chosen
25
banker.az

1Sources