EN

Britaniyalı naziri daşıyan təyyarə Rusiya sərhədi yaxınlığında GPS siqnalını itirib

BAKI, 25 may. TELEQRAF

Böyük Britaniyanın müdafiə naziri Con Hilini daşıyan hökumət təyyarəsi Rusiya sərhədi yaxınlığında uçarkən GPS siqnalını itirib.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Times” qəzeti məlumat yayıb.

Məlumata görə, Con Hili hərbi müşavirlər, adı açıqlanmayan üçulduzlu general və jurnalistlərlə birlikdə Estoniyanın cənub-şərqində yerləşən Britaniya hərbi qüvvələrinin mövqelərinə səfər edib.

Qəzet yazır ki, mayın 21-də Böyük Britaniyaya dönüş zamanı “Dassault Falcon 900LX” tipli təyyarədə peyk siqnalı itib. Bildirilib ki, sistemi yalnız yenidən işə salmaqla bərpa etmək mümkün idi, lakin təyyarə havada olduğundan bu addım atılmayıb.

Nəticədə pilot üç saatlıq uçuş boyunca xarici siqnallardan asılı olmayan inertial naviqasiya sistemindən istifadə edib.

“The Times” qeyd edir ki, hadisə zamanı təyyarənin idarəetmə paneli qismən sıradan çıxıb, sərnişinlərin kompüterləri isə internetə qoşula bilməyib.

Nəşr bunun məhz həmin təyyarəyə qarşı məqsədli müdaxilə olub-olmaması ilə bağlı dəqiq nəticə çıxarmayıb. Hadisə ilə bağlı rəsmi açıqlama da verilməyib.

Qeyd olunub ki, 2024-cü ilin martında Britaniyanın keçmiş müdafiə naziri Qrant Şeppsi daşıyan eyni təyyarə Kalininqrad yaxınlığında uçarkən də GPS siqnalını itirmişdi.

Chosen
73
2
teleqraf.com

3Sources