EN

Böyük Britaniya kralının qardaşı yeni seks qalmaqalı ilə gündəmə gəlib

Polis Endryu Mauntbattan-Vindzorla bağlı yeni ittihamları araşdırır...

Poliqon xəbər verir ki, Böyük Britaniya kralının qardaşı Endryu Mauntbatten-Vindzor ilə bağlı yeni iddialar hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. İttihamlar 2002-ci ildə Royal Ascot at yarışları zamanı qadına qarşı qeyri-uyğun davranışla bağlıdır.

The Sunday Times nəşrinin məlumatına görə, iddia edilən hadisə İngiltərənin Berkşir qraflığında keçirilən ənənəvi kral yarışları zamanı baş verib. Hələlik zərərçəkmiş şəxsin həmin dövrdə polisə müraciət edib-etmədiyi və ya hadisəni daha sonradan bildirdiyi dəqiqləşdirilməyib.

Bildirilib ki, Temza Vadisi Polisi artıq Endryu Mauntbatten-Vindzorla bağlı araşdırmalar aparır. İstintaq yalnız mümkün məxfi məlumatların ötürülməsi ilə deyil, həm də seksual xarakterli cinayət iddiaları ilə əlaqəlidir.

Məlumata əsasən, o, fevral ayında 66 yaşını qeyd etdiyi gün saxlanılıb və vəzifədən sui-istifadə şübhəsi ilə rəsmi xəbərdarlıq altında dindirilib. İstintaq onun Böyük Britaniyanın keçmiş ticarət nümayəndəsi olduğu dövrdəki fəaliyyətini də əhatə edir.

Araşdırmalar ABŞ Ədliyyə Nazirliyinin maliyyəçi Ceffri Epshteyn işi ilə bağlı açıqladığı sənədlərlə əlaqələndirilir. İstintaq onun Epshteynə məxfi məlumat ötürə biləcəyi iddialarını da yoxlayır.

Polis daha əvvəl onun Norfolkdakı iqamətgahında və Vindzordakı mülkündə genişmiqyaslı axtarışlar aparıb. Endryu Mauntbatten-Vindzor bütün ittihamları rədd edir.

Hüquq-mühafizə orqanları potensial şahidlərə müraciət edərək korrupsiya, fırıldaqçılıq, məxfi məlumatların ötürülməsi və seksual xarakterli iddialar barədə məlumat verməyə çağırıb.

Eyni zamanda ABŞ-dən əldə edilən sənədlərin tam versiyasının alınması istintaqda əsas çətinliklərdən biri kimi göstərilir. Rəsmi Vaşinqton materialların əldə olunması üçün beynəlxalq hüquqi yardım prosedurunun işə salınmasını tələb edib.

Poliqon.info

Chosen
56
poliqon.info

1Sources