EN

Ankarada gərginlik: Kılıçdaroğlu və Özəl tərəfdarları arasında qarşıdurma – FOTOLAR

Ankara Məhkəməsinin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayının nəticələrini ləğv etməsindən sonra partiyanın Ankaradakı mərkəzi qərargahı qarşısında artıq partiyanın yeni lideri sayılan Kamal Kılıçdaroğlu tərəfdarları ilə Özgür Özəlin tərəfdarları arasında gərginlik yaranıb.

Musavat.com xəbər verir ki, Türkiyə paytaxtındakı partiya qərargahının qarşısına polis qüvvələri və Kılıçdaroğlu tərəfdarları toplaşıb.

Kılıçdaroğlunun nümayəndələri binaya daxil olmağa çalışarkən, vəzifədən uzaqlaşdırılmış partiya sədri Özəlin tərəfdarları ilə qarşıdurma baş verib. Qarşı duran iki düşərgə bir-birinə su şüşələri atmağa və itələməyə başlayıb. Bildirilir ki, CHP rəhbərliyi qərargah binasını tərk etməyib.

Ankara valiliyinin administrasiyası bəyan edib ki, polisə məhkəmə qərarının icrasını təmin etmək və partiya sədri Kamal Kılıçdaroğlunun mərkəzi ofisdə yerləşdirilməsinə yardım göstərmək tapşırılıb.

Kılıçdaroğlunun mətbuat katibi Atakan Sönməz bildirib ki, siyasətçi yaranmış gərginlikdən ciddi narahatdır və prosesin sülh yolu ilə həll olunmasını istəyir.

İzmirdən olan deputat, Kılıçdaroğlunun tərəfdarı hesab edilən Mahir Polat deyib ki, onların tərəfdarları mərkəzi ofisə daxil olmağa çalışsalar da, Özəl tərəfdarları qapıları bağlayıblar.

“Heç olmasa deputatların bir-biri ilə danışmasına imkan verin. Özgür Özəl yuxarı mərtəbədədir, biz onunla görüşmək istəyirik. Amma anlayırıq ki, partiya yoldaşlarımız hakimiyyətin dinc şəkildə təhvil verilməsini planlaşdırmırlar”, – deyə Polat bildirib.

Polis Özəl tərəfdarları ilə danışıqlar apararaq mərkəzi qərargah binasının boşaldılmasına çalışır. Təhlükəsizlik qüvvələri CHP qərargahı qarşısında növbə çəkməyə davam edir. Vaxtaşırı iki qrup arasında toqquşmalar yaşanır. Kılıçdaroğlu və Özəl komandaları arasında danışıqların keçirilməsi gözlənilir. Daha əvvəl iki lider arasında telefon danışığının olduğu bildirilir.

CHP deputatı və Özgür Özəl komandasının nümayəndəsi Murat Emir partiyanın mərkəzi ofisində keçirdiyi mətbuat konfransında daxili işlər naziri Mustafa Çiftçi ilə görüş keçirdiklərini açıqlayıb:

“Bu, daxili işlər naziri ilə məhsuldar görüş oldu”.

Onun sözlərinə görə, partiya üzvləri vəziyyətdən çıxış yolu və zərərin minimuma endirilməsi variantlarını axtarırlar.

“Bu gün Kılıçdaroğlunu dəstəkləyən iki deputatla görüş barədə razılığa gəldik. Xüsusilə partiya qurultayının tarixinin müəyyənləşdirilməsini müzakirə etmək istəyirdik. Bizim baxışımıza görə, baş verənlər çevriliş cəhdidir. Bu böhrandan yalnız bir çıxış yolu var: dərhal partiya qurultayının keçirilməsi”, – deyə Murat Emir vurğulayıb.

CHP-nin mərkəzi qərargahına girişin qarşısını almaq üçün partiyanın seçkiqabağı avtobusları ofisin qapıları önünə gətirilib. CHP-nin Şanlıurfadan olan deputatı Mahmut Tanal əlinə su şlanqı alaraq polis əməkdaşlarını xəbərdar edib ki, əgər ofisə daxil olmağa cəhd etsələr, onları suya tutacaq.

Xatırladaq ki, bundan əvvəl Türkiyə məhkəməsi Cümhuriyyət Xalq Partiyasının 2023-cü ildə keçirilmiş qurultayının nəticələrini ləğv edib və bununla da Özgür Özəlin CHP sədri seçilməsini etibarsız sayıb. Məhkəmə partiyanın keçmiş lideri Kamal Kılıçdaroğlunu yenidən vəzifəsinə bərpa edib. Cümə günü Ankara məhkəməsi Türkiyənin əsas müxalifət partiyası olan CHP-nin Özgür Özəlin vəzifədən uzaqlaşdırılması ilə bağlı qərardan verdiyi apellyasiya şikayətini də rədd edib.

Şahanə Rəhimli
Musavat.com

Chosen
41
musavat.com

1Sources