EN

Torpaq özü hansı Toxuma ehtiyacı olduğunu biliir

Bəzən universitet auditoriyaları adama qəribə gəlir. Çünki auditoriyada həyatı qarşıda olan gənclər oturur. Müharibədən keçmiş insanlar üçün isə həyatın bir hissəsi adətən arxada qalır.

Mayın 22-də Sumqayıt Dövlət Universitetində mənim Füzuli rayonunun işğalı və onilliklərdən sonra azad olunması haqqında “Qaytarılan torpaq” filmimin nümayişi və əziz dostum Rasim Müzəffərlinin ifa etdiyi fəlsəfi-vətənpərvər mahnılar zamanı buna bir daha əmin oldum. Zal dolu idi. Amma əsas məsələ bu deyildi. Əsas məsələ o idi ki, həmin zalda bir saatlıq olsa belə, “müharibə” sözü kitab səhifələri və statistikadan çıxıb insan taleyinə çevrilə bildi.

Mən həmişə demişəm ki, müharibə haqqında ən təhlükəli yalanı onu görməyənlər danışırlar.

Qəhrəmanlıq. Zəfər. Şan. Amma müharibə hər şeydən əvvəl qəhrəmanlıq deyil — yorğunluq və qorxunun ittifaqıdır. Torpaq sevgisi deyil — palçıq və tər qoxusudur. Və ən əsası, insan təbiətinin və xoşbəxtliyinin tərsinə çevrilmiş formasıdır.

Hələ 1991-ci ildə Əfqanıstan müharibəsindən qayıdandan sonra başa düşdüm ki: “Əgər müharibənin səbəbi Sülh deyilsə — bu qətliamdır və belə müharibələrin həqiqətlərini yalnız ölülər bilir.” Bu cümlənin ən ağrılı sözü “həqiqət”dir. Çünki həqiqətin pafosdan fərqli olaraq ayaqları və əlləri var. O, küçələri gəzir, qapıları döyür, şillə və qapaz vura bilir. Təəssüf ki, bizim gəncliyimiz məhz bu şillə və qapazın altında keçdi. İndiki gənclər isə həqiqəti — o cümlədən mənim filmlərimdən və Rasimin mahnılarından öyrənirlər. Bu isə böyük xoşbəxtlikdir.

Amma mən “gənclər” deyəndə yalnız Sumqayıt Dövlət Universitetinin sərt oturacaqlarında əyləşən tələbələri nəzərdə tutmuram. Mən eyni zamanda yüksək dövlət vəzifələrinin yumşaq kreslolarında oturan gəncləri də düşünürəm. Fərq isə ondadır ki, Sumqayıt Dövlət Universitetində müharibə veteranları və qazilər var.

Vaxtilə ANS-in “Nəzər Nöqtəsi” verilişində Azərbaycanın energetikası haqqında çıxış edən, bu gün isə Sumqayıt Dövlət Universitetinin rektoru olan Nurəli Yusifbəyli bizimlə görüşdə universitetdə təhsil alan qazilər haqqında belə dedi: “Bu gənclər artıq 44 gün ərzində bütün imtahanlarını veriblər. İndi imtahan vermək növbəsi bizimdir.” Bu sözlərdə mən valideyn qayğısı, məsuliyyət və müdriklik eşitdim.

Universitetin prorektoru Elmar Xəlilov isə: “Müharibədən sonra biliyin axtarışı qəhrəmana layiq olan yeganə axtarışdır” ifadəsini səsləndirəndə bu təhsil ocağında hökm sürən mənəvi atmosfer tam aydın oldu.

Azərbaycanda ilk Dəqiq Mexanizmlər istehsal edən VMF Saat Fabrikimizin qazi tələbələrə üzərində SDU adı həkk olunmuş xatirə saatlarını, Fabrikin Baş Direktoru Orxan Məmmədov tərəfindən hədiyyə edilməsi də həmin ab-havaya uyğun bir külək oldu və məclisimizi, Rasimin sözləri ilə desək, “üzü küləyə” çevirdi.

Mən anladım ki, Universitetin professor-müəllim heyəti və tələbələri Azərbaycan xəritəsində gördükləri hər qarış torpağın altında cücərməkdə olan toxumları görürlər. Məncə, artıq bu torpağı qanla deyil, saf və aydın su ilə sulamaq lazımdır ki, o toxumlar məhsuldar olsun. Bu da hər bir təhsil ocağının vəzifəsi olmalıdır ki, alovumuzu adi bir gəzəyən yel söndürə bilməsin...

Biz isə — mən və əziz dostum Rasim Müzəffərli — əlimizdə bir ovuc toxum səpə-səpə yolumuza davam edirik. Toxum torpağa düşəndən sonra görünməzdir. Amma bir müddət sonra ondan nəhəng ağaclar boy atır. Filmlərimiz və mahnılarımız vasitəsilə gənclərə çatdırmağa çalışdığımız düşüncələr də bu toxumlar kimidir. Bu gün görünməz ola bilərlər. Amma inanıram ki, gələcəkdə gənclərimizin həyatındakı ən böyük hadisələr məhz bu görünməz düşüncələrdən doğulacaq.

Chosen
64
anspress.com

1Sources