EN

Qismət Gözəlov Türkmənistanda “WUF13” tədbirinin əhəmiyyətindən danışdı

BAKI, 24 may. TELEQRAF

Aşqabadda keçirilən XXV Beynəlxalq “Ağ şəhər Aşqabad-2026” sərgi və konfransında Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov ölkəmizin şəhərsalma, memarlıq, dayanıqlı inkişaf sahəsində həyata keçirdiyi layihələr və WUF13 tədbiri barədə çıxış edib.

Bu barədə Teleqraf-a Azərbaycanın Türkmənistandakı səfirliyindən məlumat verilib.

Səfir Q.Gözəlov çıxışında Azərbaycanın şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin tarixə malik olduğunu bildirib. Səfir qeyd edib ki, İpək Yolu üzərində yerləşən Azərbaycan şəhərləri tarixən mühüm ticarət, sənətkarlıq və mədəniyyət mərkəzləri kimi formalaşıb. Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub, Azərbaycan memarlığı Şərq və Qərb ənənələrinin sintezini özündə əks etdirir.

Q.Gözəlov Azərbaycanın Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edildiyini diqqətə çatdırıb. Səfir bildirib ki, son illərdə Bakının COP29 və Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) kimi nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın qlobal platformalarda fəal rolunu, urbanizasiya sahəsində əməkdaşlığa verdiyi töhfəni və etibarlı tərəfdaş kimi mövqeyini nümayiş etdirib.

Həmçinin çıxışda qeyd olunub ki, müasir dövrdə şəhərsalma məsələləri urbanizasiya, iqlim dəyişiklikləri, sosial inklüzivlik, nəqliyyat sistemləri və rəqəmsal idarəetmə ilə birbaşa bağlı olan kompleks sahələrdən biri kimi çıxış edir. Bu baxımdan, beynəlxalq platformalarda aparılan müzakirələr şəhərlərin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, dayanıqlı həllərin təşviqi və müxtəlif ölkələrin təcrübələrinin öyrənilməsi üçün mühüm imkan yaradır. Bu xüsusda, Bakıda keçirilən WUF13 tədbiri şəhərlərin gələcəyi ilə bağlı qlobal müzakirələr üçün əhəmiyyətli platforma rolunu oynayıb.

Səfir Bakıda keçirilən WUF13 çərçivəsində sürətli urbanizasiyanın şəhərlərə, iqlimə, iqtisadiyyatlara və idarəetmə proseslərinə təsirlərinin müzakirə olunduğunu, daha təhlükəsiz, dayanıqlı və inklüziv şəhərlərin qurulması üçün innovativ həllərin təqdim edildiyini vurğulayıb. Q.Gözəlov forum çərçivəsində ilk dəfə Bakıda Liderlərin Zirvə Görüşünün təşkil edildiyini, bu görüşün şəhərlərin gələcəyinə dair strateji prioritetlərin müəyyənləşdirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Q.Gözəlov Türkmənistan Prezidenti yanında Arkadağ şəhərinin inşası üzrə Dövlət Komitəsinin sədri Deryageldi Orazovun rəhbərlik etdiyi nümayəndə heyətinin WUF13-də iştirak etdiyini bildirib. Eyni zamanda, WUF13 çərçivəsində təşkil olunan Urban Expo sərgisində qurulan milli pavilyonlar sırasında “Smart city-smart future” adlı Türkmənistan pavilyonunun yer aldığı və burada ölkənin şəhərsalma, dayanıqlı inkişaf və müasir urbanizasiya sahəsində yanaşmalarının nümayiş etdirildiyi diqqətə çatdırılıb.

Eyni zamanda, çıxışında Azərbaycanda, o cümlədən Qarabağda aparılan bərpa, şəhərsalma və yenidənqurma işlərinə də toxunan səfir bildirib ki, ölkəmizdə müasir şəhərsalma prinsipləri, dayanıqlı inkişaf yanaşmaları, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında genişmiqyaslı layihələr həyata keçirilir. Q.Gözəlov qeyd edib ki, bu layihələr enerji səmərəliliyinin artırılması, rəqəmsal infrastrukturun inkişafı, nəqliyyatın idarə olunması, kommunal və enerji şəbəkələrinin inteqrasiyası, ekoloji monitorinq sistemlərinin tətbiqi və əhalinin təhlükəsizliyinin təmin edilməsi kimi mühüm istiqamətləri əhatə edir. Qarabağda aparılan bərpa və yenidənqurma işləri Azərbaycanın müasir şəhərsalma yanaşmasının praktik nümunələrindən biri kimi təqdim olunub.

Səfir vurğulayıb ki, Qarabağda reallaşdırılan şəhərsalma layihələri yaşayış məntəqələrinin müasir, dayanıqlı və rahat həyat mühitinə çevrilməsinə xidmət edir.

Həmçinin, səfir Azərbaycan və Türkmənistanın şəhərsalma sahəsində həyata keçirdiyi layihələrin modernləşmə və davamlı inkişaf istiqamətində atılan mühüm addımlar olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycan və Türkmənistanın şəhərsalma sahəsində həyata keçirdiyi layihələr hər iki ölkənin müasir inkişaf gündəliyində şəhərlərin xüsusi yer tutduğunu göstərir. Eyni zamanda, Q.Gözəlov Türkmənistanın Arkadağ şəhərinin “ağıllı şəhər” konsepsiyası əsasında salındığını, müasir texnologiyalarla təchiz edilmiş dayanıqlı şəhər modeli kimi formalaşdığını qeyd edib.

Chosen
5
1
teleqraf.com

2Sources