Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə kütləvi raket zərbələri nəticəsində mülki infrastrukturlara ciddi ziyan dəyib, dağıntılar var.
AZƏRTAC-ın verdiyi məlumata görə, raketlərin bəziləri Azərbaycanın Ukraynadakı səfirliyinin yerləşdiyi Şevçenko rayonu ərazisinə hədəflənib. Bəzi raketlər isə səfirlikdən 300 metr məsafəyə düşüb. Hava zərbələri nəticəsində səfirliyin pəncərələri sınıb.
Səfirliyə yaxın ərazilərə raket zərbələrinin vurulması nəticəsində “Lukyanovka” bazarı və “Kvadrat” ticarət mərkəzi tamamilə yanaraq məhv olub. Həmçinin bəzi yaşayış binalarında da dağıntılar qeydə alınıb.
Kiyev şəhər meri Vitali Kliçkonun açıqlamasına görə, hava zərbələri nəticəsində azı iki nəfər həlak olub, 40-dan çox insan isə xəsarət alıb. Yaralıların 28-i xəstaxanaya yerləşdirilib, onlardan 3-nün vəziyyəti ağır qiymətləndirilir.
Dağıntılar təmizləndikdən sonra həlak olan və xəsarət alanların sayında dəyişikliyin olacağı istisna deyil.
Xatırladaq ki, bu hal birinci dəfə deyil ki, yaşanır. Paytaxt Kiyevə hava hücumları nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin binası bir neçə dəfə ziyan görüb. 14 noyabr 2025-ci ildə həyata keçirilən hücumlarda səfirliyə dəymiş ziyan miqyasına görə daha böyük və ciddi olub. Hadisə ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya nota verib.
Zolotonoşa rayonunda qanadlı raket boş bir fermanın ərazisinə düşüb




