EN

Qazaxıstan – Qırğızıstan ədəbiyyatı müzakirə olundu - FOTO

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının üçüncü günü “Qazaxıstan – Qırğızıstan Günü” ilə başlayıb.

Bizim.Media xəbər verir ki, Türk xalqlarının zəngin ədəbi-mədəni irsinə həsr olunmuş tədbirdə öncə Qazaxıstan və Qırğızıstan respublikalarının Dövlət Himnləri səsləndirilib.

 

MÖVZU İLƏ BAĞLI: 

Gülmaya Feyruzqızı yaradıcılığını Vətənə həsr etdi - FOTO


Günün aparıcısı Nadir Yalçın iştirakçıları salamlayaraq Türk dünyasının ortaq mənəvi dəyərlərinin qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb.

“Qazaxıstan – Qırğızıstan ədəbiyyatı” adlı panelin moderatoru, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, dosent Mehman Həsənli olub.

Tədbirdə çıxış edən filologiya elmləri doktoru, professor Nizami Tağısov, Əl-Fərabi adına Qazax Milli Universitetinin dosenti Baxtıgül Kuljanova və Nurbolat Boqanbayev qazax və qırğız ədəbiyyatının tarixi inkişaf mərhələlərindən, ortaq Türk düşüncə sistemindən və milli-mənəvi yaddaşın formalaşmasında folklorun rolundan bəhs ediblər.

Çıxışlarda xüsusilə “Manas” dastanının Türk xalqlarının qəhrəmanlıq salnaməsi kimi mühüm əhəmiyyət daşıdığı qeyd edilib. Bildirilib ki, bu möhtəşəm epos yalnız qırğız xalqının deyil, ümumilikdə Türk dünyasının mənəvi xəzinəsinə daxildir. Eyni zamanda dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun və qazax şairi Oljas Süleymenovun yaradıcılığına geniş yer ayrılıb. Onların əsərlərində milli kimlik, insan mənəviyyatı, tarix və müasirlik məsələlərinin yüksək bədii səviyyədə əks olunduğu vurğulanıb.

Tədbirdə qeyd edilib ki, qazaxlar, qırğızlar və noqaylar uzun illər boyu ədəbiyyatlarını əsasən şifahi xalq yaradıcılığı vasitəsilə yaşadıblar. Dastanlar, nəğmələr, atalar sözləri və xalq rəvayətləri bu xalqların milli yaddaşının əsas daşıyıcısı olub. Bildirilib ki, xüsusilə sovet dövründə çap olunan kitablar və aparılan elmi tədqiqatlar vasitəsilə Türk dünyasının bu unikal mənəvi dəyərlərini əks etdirən ədəbi nümunələr daha geniş şəkildə dünyaya təqdim olunub.

Panel iştirakçıları Türk xalqları arasında ədəbi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq, bu cür tədbirlərin ortaq Türk irsinin tanıdılması baxımından mühüm rol oynadığını bildiriblər.






Şəfiqə Şəfa, Bizim.Media

Chosen
33
1
bizim.media

2Sources