Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti Donald Trump, Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifə, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan, Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Sani, Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman, İordaniya Kralı II Abdullah, Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Asim Münir və ABŞ prezident administrasiyasının üzvləri telekonfrans vasitəsilə görüş keçirib.
Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Görüşdə İran və Yaxın Şərqdə baş verən hadisələr müzakirə olunub. Türkiyə Prezidenti bildirib ki, Türkiyə hər zaman problemlərin dialoq və diplomatiya yolu ilə həll olunmasını müdafiə edib. O, İranla diplomatik prosesin ABŞ Prezidentinin ifadə etdiyi səviyyəyə çatmasından məmnun olduğunu qeyd edib və əldə olunacaq razılaşmanın Hörmüz boğazından sərbəst keçidi təmin etməklə regionun sabitliyinə töhfə verəcəyini, bunun dünya iqtisadiyyatına da müsbət təsir göstərəcəyini vurğulayıb.
Danışıqlar prosesinə töhfə verən ölkələrə təşəkkür edən Rəcəb Tayyib Ərdoğan bildirib ki, İranla əldə oluna biləcək razılaşmanın həyata keçirilməsi mərhələsində Türkiyə hər cür dəstəyi göstərməyə hazırdır. O əlavə edib ki, Türkiyə regionda sülhün bərqərar olması üçün səylərini davam etdirir və İranla bağlı, o cümlədən nüvə məsələsi kimi mürəkkəb görünən mövzularda zamanla uyğun həll yollarının tapılacağına inanır.
Rəcəb Tayyib Ərdoğan görüşdə vurğulayıb ki, Türkiyə region ölkələrinin bir-biri üçün təhdid yaratmadığı yeni bir dövrün başlanmasını arzulayır və ədalətli sülhün məğlub tərəfinin olmayacağını düşünür.