EN

Bakıda qəbul edilən qərar dünyada ənənəyə çevriləcək Aydın Quliyev

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Bakıda keçirilən WUF13 konfransı Azərbaycanın beynəlxalq şəhərsalma və davamlı inkişaf gündəmində fəal iştirakını bir daha nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrindən nümayəndələri bir araya gətirən tədbir şəhərlərin gələcək inkişafı ilə bağlı mühüm müzakirələr üçün geniş platforma yaratdı. Konfrans çərçivəsində irəli sürülən təşəbbüslər və qəbul olunan yanaşmalar beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli hesab olunur.Məsələ ilə bağlı politoloq Aydın Quliyev Demokrat.az-a bildirib ki, forum COP29-dan sonra beynəlxalq miqyasda hərtərəfli və məqsədyönlü əməkdaşlığı təşviq edən ən böyük platforma kimi özünü göstərdi:"Bu tədbirin uğurla yekunlaşması Azərbaycanın dünya miqyasında mövqeyinin daha da möhkəmləndirilməsinə birbaşa təsir göstərdi. Eyni zamanda, onun uğurla yekunlaşması Azərbaycanın bu sahədə böyük təcrübəyə malik olduğunu nümayiş etdirdi. WUF13 bir sıra nöqteyi-nəzərlərdən beynəlxalq şəhərsalma konfransları tarixində özünəməxsus yer tutdu. Xüsusilə, Azərbaycan WUF13 konfransının daha mütəşəkkil keçirilməsi üçün əvvəlki beynəlxalq tədbirlərdə olduğu kimi səmərəli fəaliyyət göstərdi.

Xüsusilə WUF13 kontekstində Azərbaycanın bir sıra yaradıcı təşəbbüslərini qeyd etmək zəruridir. Bunlardan biri kimi şəhərsalma konfransları tarixində ilk dəfə liderlər bəyanatları sessiyasının keçirilməsini göstərmək olar. Burada liderlər səviyyəsində şəhərsalma və onun müxtəlif aspektləri ilə bağlı maraqlı, praktiki, nəzəri və metodiki mülahizələr səsləndirildi".Politoloq deyib ki, WUF13 çərçivəsində Bakı Şəhər Mükafatının təsis olunması da, əminəm ki, bundan sonrakı şəhərsalma konfranslarında mütləq şəkildə xatırlanacaq:"İstisna etmirəm ki, beynəlxalq şəhərsalma proseslərində fərqlənən şəhərlərə və digər subyektlərə Bakı Şəhər Mükafatının təqdim olunması bundan sonrakı dövrlərdə bir ənənəyə çevriləcək. Bakı Şəhər Mükafatının təsis olunması beynəlxalq WUF konfransları tarixində Azərbaycanın adını möhkəmləndirən ən mühüm nailiyyətlərdən biri sayılmalıdır.Bundan başqa, məcburi köçkünlərin qayıdışı ilə bağlı əlaqələndirilmiş yanaşmaların tətbiqinə dair mülahizələrin irəli sürülməsi də WUF13 konfransı çərçivəsində əldə olunmuş mühüm nailiyyətlərdən biridir ki, bu da konfransın yekun sənədində öz əksini tapdı. Xüsusi qeyd olunmalıdır ki, WUF konfransı çərçivəsində münaqişələrdən sonrakı bərpa və yenidənqurma təcrübələrinin ümumiləşdirilməsi çox əhəmiyyətli idi. Bizim üçün qürurvericidir ki, bu təcrübələrin ümumiləşdirilməsi ilə yanaşı, Azərbaycanın təcrübəsi də xüsusilə qeyd olundu. WUF13 konfransında münaqişələrdən sonrakı bərpa və yenidənqurma təcrübələrinin ümumi mənzərəsində Azərbaycanın əldə etdiyi nailiyyətlər ayrıca istiqamət kimi yekun bəyanatda qeyd olundu. Bu da Azərbaycanın münaqişədən sonrakı bərpa və yenidənqurma işlərini yüksək səviyyədə həyata keçirdiyini bir daha təsdiqlədi.Çox önəmlidir ki, Ermənistanın işğal dövründə Azərbaycana qarşı törətdiyi cinayətlər, dağıntılar, urbisid, ekosid, kultursid və digər insanlığa sığmayan əməllər WUF konfransının yekun sənədində bir daha öz təsdiqini tapdı. Həmçinin Ermənistanın təcavüzkar siyasətinin müxtəlif aspektlərdə yaratdığı nəticələr 176 dövlətin nümayəndələrinin iradəsini ifadə edən vahid sənəddə əks olundu.Bir sözlə, WUF konfransı tariximizə yazılmış mühüm hadisədir. Eyni zamanda, Azərbaycan WUF konfransları tarixində yeni bir səhifə açdı",- deyə o qeyd edib. Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
69
demokrat.az

1Sources