EN

"Növbəti mövsüm bizim üçün daha yaxşı olacaq" - Rəşad Sadıqov

style='margin-bottom:10px;'>

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 33-cü turunda "Araz-Naxçıvan"a məğlub olduqları matç (2:3) haqda danışıb.

QOL.az xəbər verir ki, baş məşqçi futbolçularının meydandakı əzmkarlığını xüsusi vurğulayıb:

"Mövsümün son oyunu idi və həqiqətən də avrokuboklara şansımız qalmadığı üçün bu matça köklənmək çox çətin oldu. Buna baxmayaraq futbolçularımız əzmkar oyun nümayiş etdirdilər. Bugünkü matç iddia qalmasa belə, olduqca maraqlı keçdi. Bu gün qələbə də qazana bilərdik, lakin sadə səhvlərdən qollar buraxdıq. Mövsümü artıq bitirdik, indi yalnız gələcəyi düşünmək lazımdır. Üç cəbhədə sona qədər mübarizə aparsaq da, təəssüf ki, hər birində son anda nəticəni əldən verdik. Əsas olan odur ki, futbolçular əzmkar oynadılar. Alınmayan məqamlardan isə mütləq düzgün nəticə çıxarmalıyıq. Bütün kollektivimizə, azarkeşlərimizə və rəhbərliyimizə dərin minnətdarlığımı bildirirəm".

Çempionatı necə dəyərləndirərdiniz?

- Mükafatçıları və hamını təbrik edirəm. Avrokuboklarda iştirak edəcək komandalara uğurlar arzu edirəm, onların hər biri buna tam layiq idi. Çempionatla bağlı bəzi məyus edən tərəflər də var idi. Meydançaların durumu, oyunların fərqli stadionlarda keçirilməsi məsələsi. Ancaq bu gün məğlub olan tərəf bizik və istədiyimiz nəticə ortada olmadığı üçün çox şey danışmayacağam. Çünki fərqli anlaşıla bilər.

- İlk iki qolla bağlı fikriniz necədir?

- Aydın Bayramov özü də çox yaxşı başa düşür ki, ilk qol onun məsuliyyətidir. Amma onu da qeyd edim ki, Patrik Andrade çox ağıllı zərbə vurdu. İkinci qoldan isə ümumiyyətlə baş açmadım. VAR baş hakimi çağırdı, amma o, öz qərarında qaldı. Sonuncu dəfə bizdə belə bir hal yaşananda uzun müddət müzakirə mövzusu olmuşdu. Görək, bu dəfəki izah necə olacaq. Ümumiyyətlə, son iki matçda qaçırdığımız şanslar və buraxdığımız qollar bütün mövsümün ümumi mənzərəsidir. Ötən illə müqayisədə bu mövsüm daha yaxşı oyunlarımız oldu. Amma futbolda belədir. Nəticə olanda hər şey əla hesab edilir, nəticə olmayanda isə yalnız neqativ məqamlar önə çıxarılır.

- Çempionatın mükafatçılarından üçünün baş məşqçisi əcnəbidir. Bu barədə nə düşünürsünüz?

- İstər yerli, istərsə də əcnəbi mütəxəssislər hazırda çox ambisiyalı komandalara gəliblər. "Sabah", "Neftçi". "Turan Tovuz"a gəlincə, Berdıyevdən əvvəl Ayxan Abbasov orada artıq çox yaxşı bir sistem qurmuşdu. Berdıyev də gəlib öz əlavələrini etdi, yeni transferlərlə komandanı fərqli bir səviyyəyə qaldırdı. Amma məsələ təkcə əcnəbi məşqçilərlə bağlı deyil. Klublar, klub rəhbərləri çox ciddi işlər görürlər və bunu danmaq olmaz. Hazırda iddialı komandalar ciddi seleksiya işləri aparırlar. Bu, təkcə yuxarı pillələrdə qərarlaşanlara deyil, orta sıralarda olan klublara da aiddir. Bu gün klub rəhbərləri çalışırlar ki, çempionatın ümumi səviyyəsi artsın və rəqabətə tab gətirə bilsinlər. Əgər 8 il əvvələ boylansaq, o vaxtlar klubların formalaşmasına bu qədər vəsait ayrılmadığını görərik. Amma bu gün hamı əlindən gələnin ən yaxşısını edir. İnanıram ki, bu mövsüm ən azı üç klubumuz avrokuboklarda pley-off mərhələsi oynayacaq.

- Maliyyə məsələsi də vacib amildir. Sizdən daha yüksək büdcəsi olan klublarla rəqabət aparmaq çətin deyil?

- Çətin deyil, amma buradakı ən əsas məsələ yayda seleksiya işini yaxşı və düzgün qurmaqdır. Növbəti mövsüm indikindən daha rəqabətli bir yarış olacaq. Biz də əlimizdən gələni edəcəyik ki, bu rəqabətə tab gətirə bilək. Uzun illərdir Azərbaycanda əsas hədəf avrokuboklara qatılmaqdır. Son iki ildə çempionatı ikinci pillədə başa vurmuşduq, avrokuboklarda pley-offa qədər irəliləmişdik. Rəqiblər də bizə fərqli köklənirdi. Fikrimcə, növbəti mövsüm bizim üçün daha yaxşı olacaq.

- Klub rəhbərliyi bu gün oyunu stadiondan canlı izləyirdi. Sizcə, növbəti mövsümdə də bu dəstək davamlı olacaq?

- Orxan Məmmədov futbolu çox sevir. Bu klub 12 ildir fəaliyyət göstərir və son 6 ildə mən də buradayam. Orxan müəllim, nəticələr pis olanda da komandanı tənqid etməyib, müzakirələrimiz olub, amma kiminsə üzərinə həddindən artıq getməyib. Kubokun finalında məğlub olanda da meydana düşüb futbolçuları təbrik etdi. O, daim komandanın yanındadır. Orxan müəllimdə böyük futbol təfəkkürü var. Onlara təşəkkür edirəm, biz əlimizdən gələni etdik, sadəcə bəzi məqamlar çatmadı ki, istədiyimizə nail olaq.

Chosen
15
50
teleqraf.com

10Sources