Türkiyənin Ticarət naziri Ömer Bolat 22 may tarixində həyata keçirilən 2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordunun yeniləndiyini açıqlayıb.
Marja.az xəbər verir ki, bunu Türkiyənin Ticarət naziri Ömer Bolat yazılı açıqlamasında bildirib.
Nazir qeyd edib ki, Türkiyə istehsal, investisiya, məşğulluq və ixrac yönümlü inkişaf strategiyası çərçivəsində yeni tarixi uğura imza atıb.
Bolat 22 may 2026-cı il cümə günü qeydə alınan ixrac göstəricisinə diqqət çəkərək bildirib:
“22 may 2026-cı il cümə günü həyata keçirilən 2 milyard 428 milyon dollarlıq ixrac ilə Cümhuriyyət tariximizin gündəlik ixrac rekordu bir daha yenilənib. Qurban bayramına yeni gündəlik ixrac rekordu sevinci ilə daxil oluruq. Əldə olunan bu tarixi uğur ölkəmizin güclü istehsal potensialının, dinamik özəl sektor strukturunun, ixracatçılarımızın qlobal bazarlardakı rəqabət qabiliyyətinin və Prezident cənab Recep Tayyip Erdoğanın güclü liderliyi, həmçinin Türkiyə Yüzili vizyonu istiqamətində hökumətlərimizin son 23 ildə həyata keçirdiyi ixracyönümlü siyasətin konkret nəticəsidir”.
Bolat vurğulayıb ki, Türkiyə ixrac sahəsində illər ərzində sabit yüksəliş nümayiş etdirib. O xatırladıb ki, 1973-cü ildə ilk dəfə illik 1 milyard dollar, 1987-ci ildə isə ilk dəfə aylıq 1 milyard dollar ixrac səviyyəsi keçilib.
Bolat bildirib ki, Türkiyə bu gün gündəlik 2 milyard 428 milyon dollarlıq ixrac həyata keçirə bilən güclü iqtisadi struktura sahibdir.
Nazir qeyd edib ki, yüksək əlavə dəyərli ixrac dəstəklənir, yeni bazarlara çıxış genişləndirilir və Türkiyə qlobal ticarətdə təsir imkanlarını artıran iqtisadiyyata çevrilir.